“SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov “Enerjimiz Bir” jurnalının yeni sayında şirkətin fəaliyyəti və strateji hədəfləri barədə fikirlərini bölüşüb. Bildirib ki, “SOCAR Türkiyə” enerji və sənaye sahəsində həyata keçirdiyi layihələri yalnız cari ehtiyaclara cavab verən addımlar kimi deyil, eyni zamanda, Türkiyənin enerji gələcəyinə töhfə verən uzunmüddətli strategiyanın tərkib hissəsi kimi qiymətləndirir.
Elçin İbadov qeyd edib ki, “Enerjimiz Bir” jurnalının yeni sayı da bu yanaşmanın davamı olaraq şirkətin müxtəlif sahələrdə həyata keçirdiyi layihələri və enerji sektorundakı yenilikləri əhatə edir.
Onun sözlərinə görə, son dövrdə həyata keçirilən mühüm layihələrdən biri Kırıkkalədə yerləşən Orta Anadolu Təbii Qaz Kombinə Elektrik Stansiyasının portfelə daxil edilməsidir. Bu addımın şirkətin inteqrasiya olunmuş enerji dəyər zəncirini daha da gücləndirəcəyi və Türkiyənin enerji təchizat təhlükəsizliyinə töhfə verəcəyi bildirilib. Şirkət rəhbəri əlavə edib ki, qlobal enerji sektorunda baş verən transformasiya fonunda davamlılıq və innovasiya əsas prioritetlərdən biridir. Bu çərçivədə Dayanıqlı Aviasiya Yanacağı (SAF) ticarətinə başlanılması aşağı karbonlu həllərə keçidin mühüm göstəricisidir. O, həmçinin TAV Hava Limanları ilə həyata keçirilən strateji əməkdaşlığın enerji səmərəliliyi və dayanıqlı əməliyyatlara mühüm töhfə verdiyini qeyd edib. Bununla yanaşı, Orta Şərq Texniki Universiteti ilə birgə həyata keçirilən proqramlar və “Enerjidə Qadın Günləri” təşəbbüsü çərçivəsində qadınların enerji sektorunda rolunun artırılmasının vacibliyi vurğulanıb.
Elçin İbadov “Enerjimiz Bir” jurnalının yalnız daxili fəaliyyətləri deyil, həm də qlobal enerji tendensiyalarını əhatə edən analitik platforma rolunu oynadığını bildirib.
***

“SOCAR Türkiyə” sahibkarlıq mühitini gücləndirən layihələri dəstəkləməkdə davam edəcək
Mikayıl Yusifov: Qadınların iqtisadi həyatda daha fəal iştirakının təmin olunması dayanıqlı inkişafın əsas şərtlərindən biridir
Xəbər verildiyi kimi, “SOCAR Türkiyə” qadınların iqtisadi həyata daha güclü inteqrasiyasını dəstəkləmək məqsədilə Türkiyə Sahibkarlıq Fondu ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi “Sahibkarlıqda Qadın Enerjisi” proqramının ikinci mərhələsinə Aliağa şəhərində təşkil olunan təqdimat mərasimi ilə start verib. Proqram çərçivəsində seçilmiş 50 qadın səkkiz ay müddətində təlim və mentorluq dəstəyi alaraq sahibkarlıq ekosisteminə qoşulacaq.
Qeyd edək ki, proqram ilk dəfə ötən il həyata keçirilib və bu dəfə daxil olan 427 müraciət arasından seçilən iştirakçılar genişmiqyaslı sahibkarlıq və bacarıqların inkişafı proqramına qatılmaq imkanı əldə ediblər. Layihə xüsusilə nə təhsil alan, nə də məşğulluğu olan (NEET) qadınlar üçün nəzərdə tutulub.

İştirakçılar proqram müddətində sahibkarlıq və biznes modeli quruculuğu, maliyyə savadlılığı, elektron ticarət və rəqəmsal marketinq, eləcə də startap maliyyələşməsi və biznesin inkişafı istiqamətlərində təlimlər alacaqlar. Bununla yanaşı, özünəinamın artırılması, stressin idarə olunması və fərdi inkişaf mövzularında psixososial dəstək proqramlarından yararlanacaqlar.
Eyni zamanda, qadın liderlərin iştirakı ilə keçiriləcək mentorluq görüşləri və şəbəkələşmə tədbirləri iştirakçıların sahibkarlıq fəaliyyətində güclü dəstək mühiti əldə etməsinə şərait yaradacaq.
“Sahibkarlıqda Qadın Enerjisi” proqramının əhəmiyyətini şərh edən “SOCAR Türkiyə”nin Kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov bildirib ki, proqram vasitəsilə qadınların öz biznes ideyalarını inkişaf etdirməklə yanaşı, fəaliyyət göstərdikləri regionlarda iqtisadi və sosial dəyər yaratmalarına da töhfə verilir.
Onun sözlərinə görə, layihənin Aliağada başlaması “SOCAR Türkiyə”nin fəaliyyət göstərdiyi bölgələrdə yerli inkişafın dəstəklənməsi və qadınların iqtisadi həyata cəlbinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır: “Qadınların iqtisadi həyatda daha fəal rol almasının dayanıqlı inkişafın ən mühüm elementlərindən biri olduğuna inanırıq. Bu proqram vasitəsilə iştirakçılara yalnız təhsil deyil, həm də güclü mentorluq və şəbəkələşmə ekosistemi təqdim edirik. “SOCAR Türkiyə” olaraq dayanıqlılıq yanaşmamıza uyğun şəkildə sosial fayda yaradan və sahibkarlıq mühitini gücləndirən layihələri dəstəkləməkdə davam edəcəyik.”
Orxan Vahidoğlu, “İki sahil”