Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni avtomobil magistralları və gömrük sistemlərinin təkmilləşdirilməsi Azərbaycanı bu layihədə mühüm transit mərkəzinə çevirib
Orta Dəhliz Avrasiya regionunda Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan üzərindən Türkiyəyə və oradan Avropa bazarlarına qədər uzanan çoxnövlü nəqliyyat və logistika marşrutudur. Bu dəhliz dəniz, dəmir və avtomobil yollarını birləşdirən kompleks infrastruktur sisteminə əsaslanır. Orta Dəhlizin əsas üstünlüklərindən biri Şimal Dəhlizi ilə müqayisədə daha az siyasi və geosiyasi risk daşımasıdır. Eyni zamanda, bu marşrut nəqliyyat müddətini əhəmiyyətli dərəcədə qısaldaraq ticarət proseslərini sürətləndirir. Azərbaycan bu dəhlizdə mühüm transit mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni avtomobil magistralları və gömrük sistemlərinin təkmilləşdirilməsi bu prosesdə mühüm rol oynamışdır.
Prezident İlham Əliyevin hələ 15 il əvvəl təklif etdiyi, bu gün isə 2 qitə arasında mühüm nəqliyyat və tranzit funksiyasını yerinə yetirən Orta Dəhlizin nə qədər strateji xarakter daşıdığı bir daha görünür. Orta Dəhlizin müdrik və uzaqgörən layihə olduğu tam sübuta yetirilib. Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdə mövcud gərginlik Çin və Orta Asiya respublikalarının Avropa ilə ticarət tranzitinin ölkəmizin ərazisindən keçməsinə səbəb olub ki, burada da Azərbaycan dövlətinin öncədən həyata keçirdiyi geniş nəqliyyat və infrastruktur layihələri önəmli rol oynayıb. Bu gün Pakistanın və Türkmənistanın İran ərazisindən Avropa ilə həyata keçirdikləri idxal-ixrac əməliyyatları demək olar dayanıb. ABŞ-ın bombardmanları nəticəsində İranın nəqliyyat infrastrukturu ciddi zərər görüb, onun bərpasına illər və böyük həcmdə sərmayə lazım olacaq. Bu müddət ərzində isə hər iki ölkənin iqtisadiyyatında durğunluq yarana bilər. Lakin Orta Dəhliz ən optimal çıxış yolu kimi qiymətləndirilir.
Dəhlizin fəaliyyətinin səmərəsi özünü göstərdikcə yükdaşımaların həcmi də artır və 2027-ci ilə kimi bu dəhlizlə 10 milyon ton yük daşınması nəzərdə tutulub. Ötən ay Qlobal Bakı Forumunda iştirak edən Belçikanın sabiq Baş naziri İv Löterm bildirdi ki, Orta Dəhliz dünya iqtisadiyyatını ağır böhrandan xilas edən nəqliyyat dəhlizinə çevrilib. Dünya ticarətində nəqliyyat əhəmiyyətli rol oynayır. Avropadan Asiyaya və əks istiqamətə daşınan yüklərin Orta Dəhlizdən - Azərbaycan ərazisindən keçməsi ilə vaxt və nəqliyyat xərclərinə əsaslı şəkildə qənaət olunur. Sabiq Baş nazirin sözlərinə görə, məsələ təkcə vaxta və maliyyəyə qənaət etməkdə deyil, tranzit xəttinin mövcudluğundadır. Bu baxımdan Azərbaycan aparıcı dövlətə çevrilib. Azərbaycanın nəqliyyat infrastrukturu olmasaydı, Orta Dəhlizin əhəmiyyətindən də danışmağa dəyməzdi.
Orta Dəhlizin tam potensialının reallaşdırılması üçün infrastrukturun gücləndirilməsi, inzibati islahatların aparılması və beynəlxalq əməkdaşlığın artırılması vacib amillərdir. Qlobal ticarət axınlarının optimallaşdırılması və tranzit marşrutlarının rəqabət qabiliyyətinin artırılması üçün atılacaq addımlar Orta Dəhlizin inkişafına əhəmiyyətli töhfə verəcək. Bu baxımdan Orta Dəhlizin keçdiyi ölkələrdə nəqliyyat infrastrukturu ilə bağlı davam edən və planlaşdırılan layihələr marşrutun effektivliyini artırmaq məqsədi daşıyır. Onu da qeyd edək ki, Xəzər dənizində Türkmənistan-Azərbaycan bərə xəttinin yaradılması planlaşdırılır. 2030-cu il üçün müəyyən olunan hədəfə əsasən, bu xətt vasitəsilə daşınan yük həcmi 3 milyon ton olacaq. Bu addım Transxəzər nəqliyyatının sürətləndirilməsi və yük axınının optimallaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Gürcüstanın Qara dəniz sahillərində yerləşən Batumi və Poti limanları Orta Dəhliz üzrə Avropaya çıxış nöqtələri kimi mühüm rola malikdir. Bu limanların yük emalı gücünün ikiqat artırılması Orta Dəhliz vasitəsilə daşınan yüklərin həcminin çoxalmasına və logistik proseslərin daha səmərəli təşkilinə imkan verəcək.
Orta Dəhliz üzərində yerləşən ölkələr arasında ticarət və nəqliyyat əməliyyatlarının sadələşdirilməsi məqsədilə inzibati islahatların həyata keçirilməsi nəzərdə tutulur. Bu islahatlar marşrutun daha cəlbedici və rəqabətədavamlı olması üçün vacibdir. Sərhəd prosedurlarının sürətləndirilməsi məqsədilə “Vahid Tranzit Sənədi” sisteminin yaradılması planlaşdırılır. Bu sistemin tətbiqi nəticəsində gömrük prosedurlarının tamamlanma müddəti 24 saatdan 6 saata qədər azaldılacaq. Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşdırılması ticarət və logistika şirkətləri üçün əlavə vaxt və maliyyə qənaətini təmin edəcək.
Bir sözlə, Orta Dəhliz təkcə ticarət marşrutu deyil, həm də Avrasiyada iqtisadi inteqrasiyanın əsas vasitəsidir. Azərbaycanın infrastruktur layihələri və coğrafi mövqeyi ölkəni regional logistikanın mərkəzinə çevirməklə yanaşı, uzunmüddətli iqtisadi artım üçün imkanlar yaradır. İnfrastruktur çatışmazlıqlarının aradan qaldırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi ilə bu marşrut dünya ticarətinin əsas arteriyasına çevrilə bilər.
Sevinc Azadi, “İki sahil”
Elçin İbadov: “SOCAR Türkiyə” uzunmüddətli strategiya ilə enerji gələcəyinə töhfə verir
Yaxın Şərqdə baş verən proseslərin ölkədə inflyasiyaya təsiri... - Şahin Mahmudzadədən AÇIQLAMA