20 iyul 2023 01:49
456

Mediasiya nədir?

2020-ci ildən Azərbaycan vətəndaşları mübahisələri məhkəməyə verməklə deyil, mediasiyanın köməyi ilə həll etmək imkanı əldə etdilər. Artıq ailə üzvləri, işəgötürənlər, hüquqi və ya fiziki şəxslərlə digər mülki, inzibati xarakterli mübahisələrin məhkəməyə verilməsinə ehtiyac yoxdur. Bu mübahisələr barışıq prosedurları ilə həll edilə bilər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədən kənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun təşviqi üzrə ardıcıl tədbirlər görülür. 29 mart 2019-cu il tarixində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmanına və “Mediasiya haqqında” Qanuna uyğun olaraq, müvafiq işçi qrupu formalaşdırılıb. Mediasiya Şurasının Nizamnaməsi razılaşdırılıb və 2020-ci il fevralın 12-də Mediasiya Şurası təsis edilib.

Mübahisələrin alternativ həlli yolu

Mediasiya vasitəsilə mübahisələrin həlli münaqişə tərəflərinə hər kəsə uyğun həll yolu tapmağa imkan verir. Bu üsul müstəqil, bitərəf şəxs olan mediatorun münaqişə tərəflərinə qarşılıqlı məqbul həll yolu tapmağa kömək etdiyi, mübahisənin alternativ, məhkəmədən kənar həll yoludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat toplamaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində onların mübahisəni həll etmək ehtimalı 85%-dən yüksəkdir. Mediasiyanın belə uğurlu olmasının əsas səbəbləri aşağıdakılardır:

Mediasiya zamanı tərəflər mediatorun köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar. Mediator tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.

Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin tərəflər öz müqəddəratını özləri müəyyən edirlər. Mediasiya prosesi məhkəmə və arbitrajdan fərqli olaraq, daha qısa müddətdə (adətən, bir gün ərzində) baş verir. Bu isə tərəflərin xərclərinə və vaxtlarına qənaət edir. Əlavə olaraq, məhkəmə və arbitraj zamanı tərəflər qərarların qüvvəyə minməsi və icraya yönəldilməsi üçün uzunmüddətli məhkəmə (arbitraj) və icra proseslərindən keçməli olurlar. Mediasiya zamanı isə adətən tərəflər barışıq sazişini qısa müddət ərzində icra edirlər. Bu zaman tərəflər bir neçə il sonra hər hansı bir məbləğ əldə etmək əvəzinə, daha qısa müddətdə və mövcud dəyəri daha yüksək olan maddi və digər nemətlər əldə edirlər.

Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, onların arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır. Mediasiya mexanizmi ölkəmizdə formalaşma və tətbiq mərhələlərini keçir. Mübahisələrin alternativ həlli üsullarının digər dünya ölkələri ilə yanaşı, ölkəmizdə təmin olunması sevindirici haldır. Müvafiq zaman periodunda bu mexanizmin uğurla tətbiq olunması yönündə Mediasiya Şurası sistemli addımlar atmağa nail olub.

Mediasiya Şurası cəmiyyətə, ictimaiyyətə açıq bir qurumdur. Qanunun tələbinə görə istənilən peşə və ixtisas sahibi mediator ola bilər. 2022-ci il üzrə mediasiya sahəsində barışıq sazişlərinin ümumi sayı 1911-dir. Xitam protokolu verilən işlərin ümumi sayı isə 4972-dir.

Mediasiya hansı hallarda kömək edə bilər?

Mediasiyadan mülki, əmək və ailə mübahisələrinin həlli üçün istifadə olunur. Qanunvericiliyə əsasən, inzibati mübahisələri də mediasiyanın köməyi ilə həll etmək mümkündür. Mediasiya mübahisənin hər iki tərəfini qane edən həll yolunu tapmaq mümkün olduğu hallarda kömək edə bilər. Bu prosedur məhkəmə prosesində olduğu kimi sübut və hüquqi mövqelərin deyil, tərəflərin maraqlarının nəzərə alınmasını nəzərdə tutur.

Mediasiya xüsusilə mübahisə edənlərin uzunmüddətli münasibətlərinin olduğu və bu münasibətlərin ən əlverişli şəkildə qorunmasının arzu olunduğu hallarda aktualdır. Məsələn, boşandıqdan sonra tərəflər mediasiyada uşağın yaşayış yerini müəyyən edə bilər və onun tərbiyəsində iştirak etmək barədə razılığa gələ bilərlər. Bu halda valideynlər qarşılıqlı hörmət münasibətlərini qoruyur, nəticə etibarilə, boşanma prosesi uşaqlar üçün daha ağrısız olur.

Proses necə həyata keçirilir?

Mediator tərəflərə prosedurun mahiyyətini və prinsiplərini izah edir. Sonra onları dinləyir, mübahisə iştirakçılarının hər biri münaqişəni necə gördüyünü danışır. Tərəflərin birgə müzakirəyə hazır olduqları məsələlər formalaşdırılır. Sonra mediator tərəflərin maraqlarını müəyyən edir. İştirakçılar mümkün həll yollarını təklif edirlər, onların hər birinin maraqlarına uyğunluğu və mümkünlüyü qiymətləndirilir. Nəticədə əldə edilmiş razılaşmaları müəyyən edən barışıq sazişi bağlana bilər.

Sonra nə baş verir?

Barışığın nəticəsi barışıq sazişi, iddiadan tam və ya qismən imtina, iddianın tam və ya qismən qəbulu, işin hallarının tanınması ola bilər. Barışıq sazişini tərəflər könüllü icra edirlər. Hər hansı tərəf bu saziş üzrə öhdəliyini icra etməkdən yayınarsa, digər tərəfin müraciəti əsasında məhkəmə sadələşmiş icraat qaydasında, qanunauyğun olan və başqa şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmayan barışıq sazişini təsdiq edir. Beləliklə, bu saziş məcburi icraya yönəlir.

Cavid Əkbərov, “İki sahil”