12 iyul 2023 21:30
535

Dəmir yolu sistemində Ulu Öndərin imzası ilə qazanılan uğurlar FOTO

Azərbaycanda dəmir yolunun yaranma tarixi XIX əsrin sonlarına, daha dəqiq desək, 1880-ci ilin yanvar ayına təsadüf edir. Həmin vaxt işə düşən Bakı–Sabunçu–Suraxanı dəmir yolu marşrutundan əvvəllər yalnız neftin nəqli üçün istifadə edilirdi. 1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə)–Tiflis magistral dəmir yolu, 1900-cü ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk (Maxaçqala) dəmir yolu istifadəyə verildi. 1926-cı ildə Bakıda SSRİ-nin ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Tarixi faktlara əsasən demək olar ki, 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.

Azərbaycan dəmir yolunun texniki tərəqqi və inkişaf dövrü

Ümumilikdə 140 ildən artıq tarixə malik olan Azərbaycan dövlət dəmir yolunun inkişafının ən sürətli dövrü Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dönəminə təsadüf edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu illəri istər Sovetlər dönəmində, istərsə də müstəqillik illərində Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi.

Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın bu bölgəsinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi.

Azərbaycanın Baykal-Amur Magistralı adlanan Yevlax-Balakən dəmir yolu

Bütövlükdə XX əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. 1970-ci illərdə  Sumqayıt şəhər, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı, Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Baş Ələt və Poylu stansiyalarında yeni vağzal binaları məhz Ümummilli Liderin şəxsi nəzarəti altında tikilib istifadəyə verilib. Sovetlər Birliyində rəhbər vəzifədə olarkən uzaq Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı (BAM), eləcə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən dəmir yolu Ulu Öndər Heydər Əliyevin birbaşa qayğısı ilə çəkilib. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və qonşu dövlətlərin rəhbərləri ilə apardığı intensiv danışıqlar sayəsində 1997-ci ilin may ayından etibarən Bakıdan Moskvaya gedən qatarların hərəkəti bərpa edildi. Ulu Öndər hələ o vaxt demişdi: “Rusiya Federasiyası ilə bütün sahələrdə əlaqələri inkişaf etdirmək çox əhəmiyyətlidir. Azərbaycanla Rusiya arasında dəmir yolu əlaqələrinin böyük tarixi əhəmiyyəti var və bu əlaqələr qısa müddət ərzində inkişaf etmişdir. Bu iki ölkə arasında nəqliyyat sahələrində əlaqələr daha da inkişaf etdirilməlidir”.

Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı və məqsədyönlü xarici siyasəti Azərbaycanın beynəlxalq birliyə iqtisadi inteqrasiyası işində yeni addım olmuşdur. Bu inteqrasiyanın həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən layihələrdən biri də «Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi (TRASEKA)» proqramıdır. Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanda Böyük İpək Yolunun bərpa və inkişafına dair beynəlxalq forum keçirilmişdi. Həmin forumda dünyanın 42 ölkəsinin nümayəndəsi iştirak etmişdi ki, onlardan səkkizi prezidentləri ilə təmsil olunmuşdu. 1998-ci ilin sentyabrında Heydər Əliyevin həmin forumda qeyd etdiyi kimi: "Bakıda keçirilmiş zirvə görüşü əməkdaşlığın inkişafında, sülhün qorunmasında, hər bir ölkə və ümumiyyətlə bütün Avrasiya məkanına firavanlıq və rifahın gətirilməsində öz tarixi rolunu oynayacaqdır". 

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrində iştirak edən yeganə ölkə

Təməli dahi Heydər Əliyev tərəfindən qoyulmuş dəmir yolu islahatları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan dəmir yolunun yenidən qurulması, müasir dünya standartlarına cavab verməsi üçün misli görünməmiş işlər həyata keçirilib. Mübaliğəsiz demək olar ki, 40-50 ildə görünməyən işlər bu dövrdə reallaşdırılıb. Azərbaycan Prezidenti İlham Əliyev 7 oktyabr 2005-ci il tarixində “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” Sərəncamı ilə ölkəmizdə 2005-ci ildən 13 oktyabr dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı. Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası nəhayət, 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşulub. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir.

Bakı-Tbilisi-Qars layihəsi: Tarixi İpək Yolunun bir hissəsi

XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalq, üç ölkə deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi tarixi bir hadisə idi. Böyük İpək Yolunun bərpası ideyasının müəlliflərindən biri də məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. Ona görə də Bakı- Tbilisi-Qars dəmir yolu layihəsinin konturları onun zamanında çəkilmişdi. Bu möhtəşəm layihə Ulu Öndərin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdırıldı. 2017-ci ilin oktyabrında Azərbaycan Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsini reallaşdırmaqla gələcəyə hesablanmış daha bir addım atıb. Gətirə biləcəyi bütün iqtisadi dividentlərlə yanaşı, Bakı-Tbilisi-Qars tranzit daşımaların mərkəzinə çevrilən Azərbaycanın regionda söz sahibi olmasını təsdiqləyən bir faktor kimi çox önəmlidir. Bir sözlə, Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasimdə Prezident İlham Əliyev bildirmişdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: “Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək. Bu yolun istifadəsi zamanı əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq.”

“Azərbaycan Dəmir Yolları” QSC-nin ötən ilin yekunlarına dair hesabatında bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 2022-ci ildə 432 284 ton yük daşınıb və beləliklə 2017-2022-ci illər üzrə ümumi yükdaşıma həcmi 1 347 585 ton təşkil edib. Bu marşrut üzrə yükdaşımaların əhəmiyyətli dərəcədə artırılması üçün bir sıra vacib layihələr həyata keçirilməkdədir.

Yenidən qurulan dəmir yolu infrastrukturu

Dəmir yolu infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində həyata keçirilən zəruri tədbirlər və beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirak daşımaların həcminin artırılmasına və ölkəmizin tranzit potensialının gücləndirilməsinə önəmli töhfələr verib. Yenidən qurulan Bakı-Xırdalan-Sumqayıt, Bakı sərnişin – Sabunçu dəmir yolu xətləri,  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi xəttinin yenidən qurulan Sabunçu-Pirşağı xətti, Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsi, Ləki-Qəbələ birxətli dəmir yolu xəttinin istifadəyə verilməsi Prezident İlham Əliyevin bu sahəyə olan diqqətinin təzahürüdür. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin cari ilin ilk yarısının yekunlarına dair hesabatına görə, Azərbaycan dəmir yolları ilə 9 157 703 ton yük daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% artım deməkdir. Dəmir yolları ilə Azərbaycana 6 ay ərzində 2 378 078 ton yük idxal olunub, 1 666 091 ton yük isə ixrac olunub. Dəmir yolları ilə ölkə daxilində 1 585 836 ton yük daşınıb. Tranzit yükdaşımaları üzrə göstərici bu ilin 6 ayında 3 527 698 ton təşkil edib. Həmçinin bu ilin 6 ayında Azərbaycan dəmir yolları ilə 3 230 728 nəfər sərnişin daşınıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 52% artım deməkdir.

Qarabağa çəkilən polad yollar

İşğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının və infrastrukturunun tikintisi işləri də qrafik üzrə davam etdirilir. Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisinin 2023-cü ildə başa çatdırılması nəzərdə tutulur.  2024-cü ildə yekunlaşdırılması planlaşdırılan açılmış uzunluğu 140,6 km olan beynəlxalq əhəmiyyətli marşrut Horadiz-Ağbənd dəmir yolu xətti olmaqla, Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

İlk dəfə olaraq inşa ediləcək Füzuli-Şuşa, Dəliməmmədli-Kəlbəcər, həmçinin Xaçmaz-Quba-Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi işləri davam etdirilir.

Bir sözlə, “Azərbaycan Dəmir Yolları” QSC-nin əsas hədəfləri əməliyyat və idarəetmə proseslərinin rəqəmsallaşdırılmasına start verməklə fəaliyyətinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaq, bazar yönümlü və yüksək keyfiyyətli xidmətlər göstərən müasir və inteqrə olunmuş quruma transformasiya olunmaqdır.

Orxan Vahidoğlu, “İki sahil”

Yazı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur.