04 iyun 2025 16:00
327

“SOCAR Türkiyə” Beynəlxalq Neft və Qaz Sərgisində iştirak edib

Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən 30-cu Yubiley “Baku Energy Week” (Bakı Enerji Həftəsi) təşkil edildiyi illər ərzində həm regional, həm də beynəlxalq səviyyədə etibarlı enerji platforması kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən biri olub. SOCAR-ın baş sponsorluğu ilə keçirilən və regionun ən böyük enerji sərgisi 2–4 iyun tarixlərində Bakı Ekspo Mərkəzində baş tutub.

“Baku Energy Week” özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”. “Caspian Oil and Gas” və “Caspian Power” sərgiləri Bakı Ekspo Mərkəzində, “Baku Energy Forum” isə Bakı Konqres Mərkəzində təşkil edilib.

Dünyanın 80 ölkəsi, 9000-dən çox şirkəti, 170 000-dən artıq ziyarətçi

Bu il Bakı Enerji Həftəsi 39 ölkədən 267 şirkəti qəbul edib. Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya iştirak ediblər. Almaniya Federativ Respublikası sərgidə Milli pavilyon ilə iştirak edib. Sərgi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində "Baku Energy Week" Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə vermiş, dünyanın 80 ölkəsindən 9000-dən çox şirkəti, 170 000-dən artıq ziyarətçini cəlb etmişdir.

Sıfır karbon emissiyasını kompensasiya edən stend

Türkiyənin ən böyük birbaşa xarici sərmayəçisi və inteqrə olunmuş sənaye qrupu olan “SOCAR Türkiyə” bu il 30-cu dəfə təşkil edilən Xəzər Beynəlxalq Neft və Qaz Sərgisinə (International Caspian Oil & Gas Exhibition – COG) sıfır karbon emissiyalı stendlə qatılıb. Şirkət “Sıfır Karbon” konsepsiyalı stendində Türkiyədəki sərmayələri çərçivəsində davamlılıq strategiyalarını təqdim edib.

“SOCAR Türkiyə” sərgi müddətində Türkiyədə 18,6 milyard ABŞ dollarından çox sərmayə ilə fəaliyyət göstərən “Petkim”, “Star” Neft Emalı Zavodu (NEZ), TANAP, “SOCAR Terminal”, “SOCAR Depolama”, “SOCAR Ticarət” və “Petkim RES” kimi qrup şirkətlərində həyata keçirilən innovativ davamlılıq fəaliyyətlərini nümayiş etdirib.

Şirkətin karbon izini sıfırlamaq məqsədi, yaşıl enerji sərmayələri, biotexnologiya və kimyəvi tullantıların təkrar emalı tətbiqləri, eləcə də SOCAR Ar-Ge ilə davamlılıq yol xəritəsinə verdiyi töhfələr sərgi iştirakçılarına təqdim olunub.

“SOCAR Türkiyə”nin stendi yalnız məzmun baxımından deyil, həm də dayanıqlı quruluşu ilə diqqət çəkib. Keçən il olduğu kimi, bu il də sıfır karbon emissiyası ilə iştirak edən şirkət stendin hazırlanması və sərginin sonuna qədər olan dövrdə yaranan bütün logistika və aviauçuş mənşəli emissiyaları hesablayaraq, bu emissiyaları sertifikatlaşdırılmış karbon balanslaşdırma layihələri ilə neytrallaşdırıb. Bu yanaşma ilə ətraf mühitə olan təsirin kompensasiya olunması hədəflənib.

Rəqəmsallaşma və Ar-Ge bacarıqlarımızla enerji sektorunda davamlı transformasiyada liderlik

“SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov sərgi ilə bağlı açıqlamasında Azərbaycan və Türkiyə arasındakı strateji enerji tərəfdaşlığının yalnız regional deyil, həm də qlobal səviyyədə mühüm əhəmiyyət daşıdığını vurğulayaraq deyib: “SOCAR Türkiyə” və bütün qrup şirkətlərimizlə Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlığın bir simvolu olmaqdan qürur duyuruq. Bu il 30-cu Xəzər Beynəlxalq Neft və Qaz Sərgisində enerji, rəqəmsal və sosial transformasiyanı əhatə edən “üçlü transformasiya” yanaşmamızı ziyarətçilərlə paylaşdıq. SOCAR Türkiyə olaraq sərmayələrimizi davamlılıq mərkəzində formalaşdırır, rəqəmsallaşma və elmi-tədqiqat (Ar-Ge) bacarıqlarımızla enerji sektorunda davamlı transformasiyaya rəhbərlik edirik. Atdığımız addımlarla Türkiyənin enerji mərkəzi olmaq vizyonuna töhfə verməkdən məmnunluq duyuruq.”

Bakı Enerji Forumunda “Enerji sektorunda rəqəmsallaşma və enerjinin gücü” paneli

Sərgi ilə paralel olaraq 3–4 iyun tarixlərində keçirilən Bakı Enerji Forumu çərçivəsində enerji sektorunun gələcəyi müzakirə olunub. Sərginin 30 illik yubileyinə özəl olaraq genişləndirilmiş proqram çərçivəsində innovasiya və davamlılıq, yaşıl enerji və infrastruktur sistemləri kimi mövzular müzakirə edilib. “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov iyunun 4-də keçirilən “Enerji sektorunda rəqəmsallaşma: Məlumat və texnologiyanın gücü” adlı paneldə çıxış edib.

E.İbadov bildirib ki, rəqəmsal transformasiya təkcə mövcud proseslərin avtomatlaşdırılması deyil, həm də gələcəyin yenidən təsəvvür edilməsidir: “Rəqəmsallaşma artıq bir lüks deyil, zərurətdir. “SOCAR Türkiyə” dizel sahəsində süni intellektə əsaslanan optimallaşdırma layihəsini həyata keçirib: "Bu layihə məhsulun texniki tələblərə uyğunluğunu təmin etməyə, istehsal keyfiyyətini artırmağa və sürətli onlayn qərarların verilməsinə imkan yaradır. Həyata keçirilən digər mühüm təşəbbüslərdən biri də anomaliya aşkarlanmasına yönəlmiş süni intellekt layihəsidir. Bu sistem gözlənilməz davranışları - istər məlumatlarda pozuntu, istərsə də kibertəhlükəsizlik təhdidlərini – vaxtında aşkar etməyə imkan verir. Süni intellekt əsaslı bu anomaliya aşkarlama layihəsi bizim rəqəmsal transformasiya strategiyamızın mühüm tərkib hissəsidir və uğurla tətbiq olunur”.

Orxan Vahidoğlu, “İki sahil”