10 iyul 2023 18:51
821

Qələbəyə gedən yol...

Qələbəmizlə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açdı…

Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə Tovuz döyüşləri qızıl hərflərlə yazılıb. Silahlı Qüvvələrimizin şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan 2020-ci ilin iyulunda baş vermiş Tovuz döyüşlərinin başlamasından üç il ötür. Ümumiyyətlə, ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı ilin şanlı Aprel döyüşlərindən, 2018-ci il uğurlu Günnüt əməliyyatından, 2020-ci ilin Tovuz döyüşlərindən keçib. Ölkəmizə qarşı təxribatçı əməllərindən əl çəkməyən Ermənistan ordusunun növbəti diversiyasının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vuraraq onun mənfur niyyətini puça çıxardı.

Bəs hərbi ekspertlər Tovuz döyüşlərinin Azərbaycanın hərb tarixi üçün əhəmiyyətini necə şərh edirlər?

Hərbi ekspert Emin Həsənli mövzu ilə bağlı “İki sahil”ə  açıqlamasında bildirdi ki,  Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər növbəti dəfə öz çirkin niyyətlərini ortaya qoydular. Düşmən bu dəfə açıq təcavüz şəklində münaqişə ocağında deyil, birbaşa dövlət sərhədində təxribata əl atdı. 2020-ci il iyulun 12-də  düşmən ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Qəhrəman Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirildi.

Hərbi ekspert diqqətə çatdırdı ki, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı və 1 mülki şəxs həlak oldu. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edildi, döyüş texnikası sıradan çıxarıldı. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola saldı. Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar. 2020-ci ilin iyulunda baş vermiş döyüşlər Azərbaycan tarixinin şanlı səhifələrindən olan Vətən müharibəsinə aparan yolda ən mühüm mərhələlərdəndir. Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Düşmənə sarsıdıcı zərbə vuran ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Qəhrəman əsgər və zabitlərimiz onların qisasını döyüş meydanında alaraq Qələbə qazandılar, xalqımıza böyük sevinc və qürur hissi yaşatdılar.

Həmsöhbətimiz vurğuladı ki,  bu hadisələr ölkəmizdə Prezident, xalq - ordu birliyini yenidən təsdiq etdi. Azərbaycan Ordusu bir daha sübut etdi ki, Ermənistan ordusu onun qarşısında aciz və cılızdır: “2020-ci ilin iyul günlərində bütün ölkə vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşayırdı.Bəli, Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı, Vətən müharibəsi üçün uğurlu bir başlanğıc oldu. Həmin günlərdə dövlət-xalq birliyi daha da möhkəmləndi və vahid gücə çevrildi. İyulun 14-dən 15-nə keçən gecə onminlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərdi. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət etdi. Tovuz döyüşləri dördgünlük Aprel müharibəsindən sonra Azərbaycanın müasir hərb tarixində növbəti səhifə yaradaraq Qələbəyə gedən yolun əsas mərhələlərindən biri oldu. Tovuz hadisələri Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərməklə yanaşı, Ermənistanın işğalçı siyasətinin və yalanlarının beynəlxalq aləmdə üzə çıxmasına bir daha şərait yaratdı. Tovuz döyüşlərindən qısa müddət sonra 27 sentyabr tarixində düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Qırx dörd günlük Vətən müharibəsində bütün şəhidlərimizin qisası alındı, işğalçı Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı və kapitulyasiya aktına imza atdı.”

Hərbi ekspert Ədalət Verdiyev açıqlamasında qeyd etdi ki, Tovuz döyüşləri Azərbaycan hərb tarixinin şanlı səhifələrindən biridir: “Azərbaycanın şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşlərindən üç il ötür. Ağır döyüşlər zamanı Azərbaycan Ordusunun biri general-mayor olmaqla, yüksək və kiçik rütbəli 12 hərbi qulluqçusu qəhrəmancasına şəhid oldu.”

Ə.Verdiyevin sözlərinə görə, Tovuz döyüşləri qəhrəman əsgərlərimiizn döyüş əzmini və qələbə ruhunu daha da yüksəltdi: “Bu döyüşlərdən təxminən iki ay yarım sonra düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-hücum əməliyyatına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edərək, torpaqlarımızı işğalçılardan təmizlədi. Hazırda Tovuz döyüşlərinin baş verdiyi ərazidə düşmən burnunu belə səngərdən çölə çıxarmağa risk etmir.”

Hərbi ekspert Ramil Məmmədli  Tovuz döyüşlərinin əhəmiyyətindən söz açarkən  “İki sahil”ə bildirdi ki, 2020-ci il Azərbaycan üçün olduqca kritik bir il olaraq yadda qaldı: “Həmin günlərdə Azərbaycan dövləti, xalqı və ordusu vahid ideya uğrunda mübarizəyə başladı. Bu prosesin ilkin mərhələsi də təbii ki, Tovuz döyüşləri adı ilə yadda qalan Ermənistan ordusunun Tovuz istiqamətində yerləşən strateji məntəqəmizi nəzarətə götürmək niyyəti ilə bu istiqamətdə başlayan döyüşlər idi. 2016-cı ilin Aprel döyüşlərindən başlayaraq Ermənistan-Azərbaycan münaqişəsinin formatı və hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə olmaq şərti ilə bir sıra yeniliklərə doğru dəyişdi. Azərbaycan Ordusu əvvəlcə Aprel döyüşlərində Lələtəpə və Talış istiqamətində üstünlük əldə etdi. Növbəti belə bir əməliyyat Günnüt əməliyyatı olaraq yadda qaldı. Burada Azərbaycan böyük bir ərazini işğaldan azad edə bildi. 2016-2018-ci illərdə Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində bir-birinin ardınca Ermənistan ordusunu məğlub etdi. Nəhayət, 2020-ci ildə də Ermənistan artıq yeni bir hərbi- ideoloji prosesə start verdi. Bu proses Azərbaycanın yeni ərazilərini işğal etmək, yeni ərazilərə nəzarət etmək niyyəti idi. O zaman Ermənistanın müdafiə naziri  Tonayanın bununla bağlı açıqlaması var idi ki, Ermənistan daha strateji məntəqələrə nəzarəti ələ keçirməlidir. Onların təbirincə desək, bufer bölgəni böyütməlidir.“

Ramil Məmmədli vurğulayıb ki, sonralar Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi şüarları vəziyyəti bir qədər də gərginləşdirdi: “Hesab edirəm ki, Ermənistanın Tovuz əməliyyatı nəinki siyasi baxımdan, hətta hərbi taktiki baxımdan da böyük səhv idi. Azərbaycan bu istiqamətdə Ermənistanın saysız –hesabsız müxtləlif təyinatlı texnikasını, hərbi qulluqçularını sıradan çıxartdı. Düzdür Azərbaycan da itki verdi. General-mayor Polad Həşimov məhz həmin döyüşlərdə şəhid oldu. Tovuz döyüşləri dövlət-ordu -xalq vəhdətinin yenidən canlanması və xalqın öz dövlətinə inam və etibarını açıq şəkildə bəyan etmədi. Ermənistanın strateji niyyəti nəticə vermədi və əvəzində Azərbaycan həmin istiqamətdə  müəyyən zəruri tədbirləri həyata keçirdi, ardınca isə artıq Qarabağda bir sıra əməliyyatların anonsu verilirdi.”

Həmsöhbətimiz diqqətə çatdırdı ki, Tovuz döyüşləri həm Azərbaycan Ordusunun mobil qrup şəklində əməliyyatlar aparması imkanlarının, həmçinin də Ermənistan ordusunun gücünün, imkanlarının müəyyənləşdirilməsi baxımından ölkəmiz üçün əhəmiyyətli oldu. Təbii ki, Tovuz döyüşlərini həm də Vətən müharibəsinin qığılcımı kimi təqdim edə bilərik. Tovuz  döyüşləri Azərbaycan hərb tarixində bu cür yadda qaldı. Bundan sonra da Vətən müharibəsindəki tarixi Qələbəmizi xatırlayan zaman Tovuz döyüşlərini də bu statusda xatırlamağımız vacibdir. Ordumuzun Tovuz döyüşləri, daha sonra Vətən müharibəsində qazandığı qələbələr Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Yaqut Ağaşahqızı, “İki sahil”