Azərbaycan Hərb Tarixi Muzeyində ziyarətçilərin ən çox marağına səbəb olan hissə açıq səma altında yerləşən ekspozisiyadır.
Muzeyin texnika və silah hissəsinin rəisi, ehtiyatda olan polkovnik İntiqam Ələkbərov əvvəllər və hazırkı dövrdə istifadə olunan texnikalar barədə məlumat verib. Bildirilib ki, burada İkinci Dünya müharibəsindən başlayaraq müasir dövrə qədər olan hərbi texnikaları görmək mümkündür. Muzeydə, həmçinin tarixi qələbəmizlə yekunlaşan 44 günlük Vətən müharibəsində istifadə edilən silah-sursat və digər əşyalar da yer alır.
Ekspozisiyada ermənilərdən qənimət kimi götürülmüş iki minaatan da var.
Qeyd edilib ki, ekspozisiyada quru qoşunlarına, hava hücumundan müdafiə, hərbi hava qüvvələrinə, eləcə də hərbi dəniz qüvvələrinə aid olan 130-a yaxın texnika yerləşdirilib. 2004-cü ildə açıq səma altında qurulan silah və texnika ekspozisiyasında tanklar, piyada döyüş maşınları, artilleriya qurğuları və digər silahlar təqdim edilir. Burada İkinci Dünya müharibəsində, o cümlədən Birinci Qarabağ və İkinci Qarabağ müharibələrində istifadə olunmuş texnikalar nümayiş olunur. 17 nömrə altında sərgilənən “T-34” tipli tankda İkinci Dünya müharibəsi zamanı iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanov döyüşüb və qəhrəmancasına şəhid olub. 533 nömrə altında “T-72” tankında isə Birinci Qarabağ müharibəsində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov döyüşüb. O, 1992-ci ilin mayında Şuşanın müdafiəsi zamanı şəhadətə yüksəlib. Onun xatirəsini əbədiləşdirmək məqsədilə tanka 533 nömrəsini yazaraq burada nümayiş olunur. Zirehli texnikalardan “BTR 80, “BMP 2” canlı qüvvənin, desant qruplarının daşınması və döyüşdə iştirak etməsi, xüsusilə bölmələrin şəxsi heyətinin atəşlə dəstəklənməsi məqsədilə Vətən müharibəsində istifadə olunub.
“Birinci Qarabağ müharibəsi zamanı əsasən “Mİ 24” və “MİQ 25" helikopteri istifadə olunub. Vətən savaşında istifadə olunan helikopterlərdən “Mİ-24” hazırda eksponat kimi saxlanılır. Texnikanın önündə onların xüsusiyyətləri haqqında məlumatlar yazılıb.
“Timsah” ləqəbli atəş dəstəyi helikopteri yer üstündəki bütün canlı qüvvəni, texnikanı məhv etməyə qadirdir. İdarə olunan və olunmayan raketlərlə, eləcə də bombalarla təchiz olunub. Düşmənlə mübarizə aparmaq üçün taktiki desant qrupu daşıyır. Yəni burada olan eksponat döyüşdə istifadə olunan və hərtərəfli silahlanan helikopterdir. 1976 -1986-cı illərə istehsal edilən "Mİ 24” helikopteri Aprel döyüşləri zamanı da istifadə olunub. Hazırda da ordumuzun silahlandırmasında olan həmin helikopter “Timsah” və “Uçan Tank” ləqəbi ilə tanınır. Kiçik texnikaların daşınması, eləcə də 24 nəfərdən ibarət desant qrupların daşınması üçün təyin olunmuş nəqliyyat helikopteridir. Həmin helikopter vaxtilə Kəlbəcər, Xocalı, Ağdamdan dinc əhalinin mühasirədən çıxarılması və xilas edilməsi üçün istifadə olunub. Beləliklə, Qarabağ müharibəsi dövründə azərbaycanlıların ermənilər tərəfindən növbəti soyqırımın qarşısı alınıb", - deyə İ.Ələkbərov qeyd edib.
İ.Ələkbərovun sözlərinə görə, muzeydə hava hücumundan müdafiə və hərbi hava qüvvələrinə aid olan zenit raket kompleksləri - “S 75”, “S 125”, eləcə də Kruq raket stansiyası, 10 helikopter və təyyarə yerləşdirilib.
Bunlardan başqa, daha çox uzaq məsafədə düşmən hədəflərini məhv edən hava hücumundan müdafiə qüvvələrinə aid olan zenit raket kompleksləri “S-25”, ”S-75” birinci Qarabağ müharibəsində istifadə olunub. İkinci Qarabağ müharibəsində “S-125” istifadə edilib və hazırda silahlandırmadadır. Burada piyada döyüş maşınları da yer alıb. Bundan əlavə, muzeydə quru qoşunlara aid olan 15 artilleriya qurğusu yerləşdirilib ki, onlar əsasən Birinci və İkinci Qarabağ müharibələrində istifadə olunanlardır.
Diqqətə çatdırılıb ki, burada alçaqdan uçan hədəfləri, eləcə də yerüstü hədəfləri məhv etmək üçün təyin olunan artilleriya qurğuları da var. Özüyeriyən artilleriya qurğuları hər hansı atəş mövqeyinə hərəkət edərək öz funksiyasını yerinə yetirir. Daşınan artilleriya isə hər hansı bir qoşqu vasitəsilə aparılaraq atəş mövqeyinə yerləşdirilir və orada onun heyəti düşmənə qarşı öz fəaliyyətini icra etməyə başlayır. Ekspozisiyada bütün artilleriya qurğularından ən uzağa atəş açanı 16 kilometr məsafədə hədəfi vurur. İkinci Dünya müharibəsi illərində istifadə olunan katyuşa da muzeydə sərgilənən texnikalar arasındadır. D-30 haubitsası Vətən müharibəsində 15,3 kilometr məsafədə düşmənin canlı qüvvəsini, eləcə də atəş nöqtələrini, texnikalarını sıradan çıxarıb. Vətən müharibəsində məğrur duruşu ilə hər kəsin qəlbində taxt quran "topçu Vüsal" ləqəbli Vüsal Şahkərəmov da məhz həmin silahdan atəş açırdı.
Açıq səma altında ekspozisiyanın sonuncu Hərbi Dəniz Qüvvələrinə aid olan bölməsinə daxil oluruq. Bu bölmədə sualtı qayıq, torpedo kateri, bomba atanlar, raket qurğuları, radiolokasiya stansiya, sualtı minalar, eləcə də gəmidə quraşdırılan minaları aşkarlayaraq zərərsizləşdirmək üçün təyin olunan PR yerləşdirilib. Əlavə olaraq qanadlı raketlər, yaşıl və qırmızı mayaklar mövcuddur.
Qeyd edək ki, texnikalar istismar müddəti başa çatdığına görə onları ictimaiyyətin görməsi üçün muzey yaradılıb. Muzey yarandığı gündən müxtəlif təşkilatların nümayəndələri onun fəaliyyəti ilə yaxından tanış olurlar. İl ərzində minlərlə şagird, tələbə, gənc buraya gəlir. Xarici qonaqlar, səfirlər, daxili qoşunların ali hərbi məktəblərin müdavimləri, kollektivləri muzeyin fəal ziyarətçiləri arasındadır. Mütəmadi olaraq buranı ziyarət edən şagirdlərdə filmlərdə, şəkillərdə gördükləri hərbi texnikaların sərgisi onların həyəcan və sevincinə səbəb olur. Muzey gənclərin vətənpərvərlik ruhunda formalaşmasında, onlara vətənpərvərlik hisslərinin aşılanmasından mühüm rol oynayır.
AZƏRTAC