25 iyun 2023 00:12
648

Heç bir təxribat cavabsız qalmayacaq

İkinci Qarabağ müharibəsin­dən sonra Cənubi Qafqazda yaranan yeni real­lıqlar sülhün bərqərar edilməsinə zəmin yaratdı. Rəsmi İrəvan da Bakının sülh çağırışlarına müəyyən mənada müsbət cavab verdi. Amma Fransa, İran və digər havadarlarına arxalanan Ermənistan az sonra vədinə dönük çıxdı. Bir sözlə, hazırda Hayastan  yenidən revanş götürmək xülyasına düşüb. Bu məqsədlə təcavüzkar Ermənistan Azərbaycana  qarşı hərbi təxribatlarını artırıb. Düşmən ölkənin silahlı qüvvələrinin bölmələrinin demək olar ki, hər gün  mövqelərimizi müxtəlif növ atıcı silahlardan intensiv atəşə tutması elə onların bu niyyətinə xidmət edir. Hazırda düşmən  şərti sərhədə əlavə canlı qüvvə və döyüş  texnikası cəmləşdirməklə vəziyyəti daha da gərginləşdirməyə cəhd göstərir. Şübhəsiz, bütün bunlar bölgədəki yeni təhdidlərin mövcudluğundan xəbər verir.

İyunun 23-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimindəki çıxışında  bəyan edib ki, bütün bunları nəzərə alaraq, qürur mənbəyimiz olan və dünyanın ən güclü silahlı qüvvələrindən biri sayılan ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır: “Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının ölkəmizə gətirilməsi, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir”.

Bu isə o deməkdir ki, dünyanın hərb sənayesi sürətlə inkişaf edir, müasir döyüşlərin aparılmasına təsir edən yeni hərbi-texniki yeniliklər meydana çıxır. Bütün bunlar da işğalın, müharibənin nə olduğunu yaxşı bilən Prezident İlham Əliyev tərəfindən diqqətlə izlənilir. Nəticədə ordumuzun döyüş imkanlarının artırılması istiqamətində yeni texnoloji vasitələr alınır. Məhz buna görə ölkəmizə  qarşı təcavüzkar Ermənistanın törətdiyi istənilən təxribat cavabsız qalmır, yəni hər bir təxribata layiqli cavab verilir. Şübhəsiz, müstəqil siyasət aparan, bölgədə söz sahibi olan Azərbaycana güc verən ilk növbədə onun hərbi potensialıdır.

Bu, bir həqiqətdir ki, hazırda rəsmi Bakı özünü təmkinlə aparır. Amma son iki il yarım ərzində təxribatlara cavab olaraq beynəlxalq hüquq çərçivəsində Ermənistana öz gücünü bir daha göstərib. Şübhəsiz, belə addımların atılması həm də Azərbaycanın siyasi iradəsindən xəbər verir. İki ay əvvəl Ermə­nistan-Azərbaycan sərhədində - Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Həqiqətən də son iki il yarım ərzində baş vermiş hadisələr təhlil olunarsa, hər kəs görə bilər ki, hər bir addımımızın arxasında beynəlxalq hüquqa istinad olunan güclü siyasi iradə ilə yanaşı, güc dayanıb.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, hazırda Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar da  yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin təşkili də gündəmdədir:  “Biz bu gün Silahlı Qüvvələrimizi vahid proqram əsasında inkişaf etdiririk və əminəm ki, yaxın gələcəkdə bizim Ordumuz yeni, yüksək səviyyəyə qalxacaqdır”.  Şübhəsiz, uğurlu iqtisadi siyasətimiz, bu sahədə əldə olunan nailiyyətlərimiz ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına imkan verir. 2023-cü ilin dövlət büdcəsində respublikamızın müdafiə qabiliyyətinin daha da gücləndirilməsi  xüsusi diqqət mərkəzində saxlanılıb. Bu yaxınlarda dövlət büdcəsinə edilən əlavələr ölkəmiz üçün prioritet məsələlərdən biri sayılan ordu quruculuğuna öz töhfəsini verəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”