“İkisahil” TV-nin “Siyasi baxış” verilişinin qonağı olan Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Ulu Öndərin dövlətçilik tariximizdəki yeri və rolu haqqında düşüncələrini bölüşüb.
Milli Məclisin deputatı Azərbaycanın olduqca çətin zamanında Ulu Öndərin əsl xilaskar kimi öz xalqının imdadına yetişdiyini vurğulayıb: “Ulu Öndər xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı böyük siyasi və iqtisadi təlatümlərdən xilas edərək həm regionda, həm də dünyada layiqli yerini tutması üçün səylərini əsirgəmədi.
Ulu öndər Heydər Əliyevin həyatı bütöv bir tarix salnaməsidir. Onun ömür yolu, atdığı qətiyyətli addımlar bütün xalqımız üçün bir örnəkdir və yaşadılası tarixdir. Tarix yaradan Heydər Əliyevin elə bu tarixdə qalması üçün ən böyük hadisə məhz müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olmasıdır. Bu dövlətin qurulması Heydər Əliyevin fəaliyyətinin zirvə nöqtəsidir. Həmin zirvəyə yetişmək asanlıqla başa gəlməyib, buna qədər çox böyük keşməkeşli yollar keçilib.
1993-1994-cü illərə nəzər salaq. Həmin dövrlərdə ölkə büdcəsi tamamilə boşaldılmışdı. Ölkədə inflyasiyanın səviyyəsi keçmiş SSRİ məkanında ən yüksək həddə idi. Ölkənin ümumi daxili məhsulunun artım tempindən isə danışmağa belə dəyməzdi. Ölkənin əsas mikroiqtisadi göstəricilərinin hesablanması çətinliklər yaradırdı. Amma indi müasir Azərbaycanın Neft Fondunda 44 milyard dollar vəsait var. İqtisadi nailiyyətlərimiz haqqında danışmağa başlasaq, günlərlə vaxt lazım olar. Bütün bu inkişafa nail olmaq üçün Ulu Öndər bu devizlə işə başladı: “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həmin vaxtda bəlkə də bu şüarın gerçəkləşməsi çox da inandırıcı görünmürdü. Çünki həmin ərəfələrdə biz iqtisadiyyatın güclü olmasından yox, zəif iqtisadiyyatın göstəricilərinin nisbətən artırılmasından danışa bilərdik. Lakin Heydər Əliyev dövlət idarəçiliyindəki səriştəsi ilə çıxış etdiyi devizi reallaşdırmağı bacardı. Ulu Öndər həmin dövrdə Azərbaycanın gələcək inkişaf perspektivlərini, çatılacaq hədəfləri çox dəqiq şəkildə müəyyənləşdirdi. O bilirdi ki, ölkənin gələcəyi, dövlətimizin inkişafı məhz iqtisadiyyatın tərəqqisindən asılıdır. Heydər Əliyev təkcə mahir, peşəkar siyasətçi olmaqla qalmırdı, o həm də bütün sahələrin, xüsusilə də iqtisadiyyat sahəsinin bilicisi idi. İndi həmin dövrün iqtisadi durumunu təhlil edəndə görürük ki, Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, onu proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacaran dahi şəxsiyyət idi.
Ölkəmizdə özəlləşdirilmə, torpağın kəndliyə verilməsi proseslərinin sürətlə aparılması da onun adı ilə bağlıdır. Ulu Öndər həm də milli neft strategiyasını düzgün şəkildə müəyyənləşdirərək bugünkü iqtisadi uğurlarımızın bünövrəsini qoymuş oldu. Azərbaycanın dünya siyasətinə müvəffəqiyyətlə inteqrasiyası, ölkənin kredit reytinqinin artması 1993-cü ildən etibarən Heydər Əliyevin müəllifi olduğu yeni prinsiplərə söykənərək qurduğu iqtisadiyyatın sabitliyinin göstəricisidir. Onun apardığı siyasət öz mükəmməlliyi ilə bu gün də diqqət mərkəzindədir. Azərbaycanın inkişaf etməsi üçün o, bütün sahələrdə məqsədyönlü siyasət həyata keçirib”.
Aydın Hüseynov vurğulayıb ki, Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratmasıdır: “Bu gün həmin partiyanın başlamış olduğu siyasi xətti Azərbaycan Prezidenti cənab İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti ilə davam etdirir. Bütün bu məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycan dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilmişdir”.
Milli Məclisin deputatı bildirib ki, Ulu Öndərin bizə qoyub getdiyi ən qiymətli miras -bu gün onun siyasi kursunu böyük uğurla davam etdirən, müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevdir: “Prezident İlham Əliyevin seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-hakimiyyət vəhdətinin, xalqımızın öz dövlət başçısına olan böyük etimad və məhəbbətinin növbəti parlaq təzahürü idi. Bu, həm də Azərbaycan xalqının öz Ulu Öndərinin irsinə olan sonsuz sevgisinin göstəricisi idi.”
Hazırda Azərbaycanda xalq-hakimiyyət birliyi ölkəmizin sabitliyini, təhlükəsizliyini və suverenliyini qoruyan ən mühüm amillərdən biridir. Azərbaycanın bu gün dünya miqyasında sabit ölkə kimi tanınması bizim ən böyük nailiyyətlərimizdəndir”.
Aydın Hüseynov Azərbaycanda ötən 15 il ərzində çox sürətli demokratik inkişafın getdiyini, respublikamızda bütün hüquq və azadlıqların təmin edildiyini diqqətə çatdırıb: “Cənab Prezident İlham Əliyev bu 15 ildə Azərbaycan dövləti siyasi islahatları dərinləşdirərək bütün azadlıqları - mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, söz azadlığını, siyasi fəaliyyət azadlığını təmin edib. Azərbaycanda ən ali vəzifəyə seçildiyi 2003-cü ildən bu günədək ulu öndər Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin zəhməti və böyük idarəetmə səriştəsi sayəsində Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub.”
Sonda Ulu Öndərin 2003-cü ildə xalqımıza ünvanladığı səmimi müraciəti xatırlatmaq istərdim. Həmin müraciətdə mütəəssir edən fikirlər yer alıb. Onlardan biri de belə idi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Tarix göstərdi ki, Ulu Öndər bu məsələdə də yanılmayıb...”
Şəmsiyyə Əliqızı,
Sevinc Mürvətqızı, “İki sahil”
Bakıda İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirilib