18 aprel 2023 15:27
950

Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırma sessiyası keçirilib

Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi” məqsədilə məlumatlandırma sessiyası keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbir Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə birlikdə təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli Qərbi Azərbaycanda soydaşlarımızın başına gələn müsibətlərdən danışaraq onların öz ata-baba yurdlarına geri qayıtması hüququndan bəhs edib.

İcma sədri bildirib ki, bu gün bu həqiqətlərin dünyaya çatdırılması çox böyük əhəmiyyət daşıyır və gənclərin bu istiqamətdə fəaliyyətlərini intensivləşdirmələri zəruri haldır.

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxışında qeyd edib ki, gənclərin Azərbaycanlıların öz yurd-yuvasına geri qayıtması uğrunda apardığı bu haqq mübarizəsində daha yaxından iştirak etməsi çox böyük önəm daşıyır. Azərbaycan gəncliyi istər ölkə daxilində istərsə də xaricdə bu mübarizəyə dəstək verəcək kifayət qədər gücə və əzmə malikdir.

Sonra Gənclər Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri çıxış edərək bildiriblər ki, Qərbi Azərbaycan bu gün hər bir Azərbaycanlının milli məsələsidir və gənclər bu məsələdə fəallıq göstərməlidir.

Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədri, millət vəkili Ramin Məmmədovun təqdimatı baş tutub.

Sonda Qərbi Azərbaycandan olan könüllülər çıxış edərək yaxınlarının və özlərinin bu deportasiyalar və soyqırımları nəticəsində yaşadıqları ağrı-acılardan bəhs edərək Qərbi Azərbaycanlılar və onların yaşadıqları, eləcə də geri qayıdış hüquqları ilə bağlı gənclərin daha da fəal iştirak edəcəyini bildiriblər.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, könüllü təşkilatlarının rəhbərləri və 100-dən çox könüllü iştirak edib.