29 mart 2023 16:31
792

“Qərbi Azərbaycan iqtisadiyyatı” elmi tədqiqat qrupu yaradılıb

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda “Qərbi Azərbaycan iqtisadiyyatı” adlı müvəqqəti yaradıcılıq qrupu yaradılıb.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat İnstitutunun Elmi Şurasının martın 29-da keçirilən iclasında qərar qəbul olunub.

İnstitutun baş direktoru, iqtisad üzrə elmlər doktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən iclasda bu məsələ geniş müzakirə olunub.

Baş direktor bildirib ki, vaxtilə azərbaycanlılar Ermənistan ərazisindən, öz dədə-baba yurdlarından, tarixi torpaqlarımızdan kütləvi şəkildə deportasiya olunublar. Hazırda əsas hədəflərimizdən biri qərbi azərbaycanlıların pozulmuş hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsidir. Məlumdur ki, Ermənistandan deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün Qərbi Azərbaycan İcması yaradılıb.

Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Bütün bunları nəzərə alaraq, hesab edirik ki, Qərbi Azərbaycan iqtisadiyyatının da öyrənilməsi, bu sahədə elmi araşdırmaların aparılması dövlətimiz üçün çox faydalı ola bilər.

İcmanın Ziyalılar Şurasının üzvü, İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Fuad Qənbərov bildirib ki, Qərbi Azərbaycanın həm keçmiş, həm də müasir iqtisadiyyatının öyrənilməsi çox vacib və əhəmiyyətli məsələdir. Qərbi Azərbaycan İcmasının tərkibində bu məqsədlə İqtisadiyyat Komissiyasının yaradılması da təklif olunub. İqtisadiyyat İnstitutunda “Qərbi Azərbaycan iqtisadiyyatı” adlı müvəqqəti yaradıcılıq qrupu isə Qərbi Azərbaycan iqtisadiyyatı ilə bağlı elmi tədqiqatlar aparacaq.

“Qərbi Azərbaycan iqtisadiyyatı” yaradıcılıq qrupuna İqtisadiyyat İnstitutunun bir qrup əməkdaşı – professor Fuad Qənbərov, aparıcı elmi işçilər Tanrıverdi Paşa, Nəsimi Əhmədov, Çingiz Baxış, Ələsgər Sarıyev, Vilayət Ramazanov və gənc tədqiqatçı Səftər Vəlizadə daxil ediliblər.