XX əsrin sonlarında azərbaycanlıların bu gün Ermənistan adlandırılan tarixi torpaqlarından zorla qovulmasından sonra əzəli yurd yerlərimizdəki türk mənşəli toponimlərin, maddi-mədəniyyət abidələrinin adları dəyişdirilərək erməniləşdirildi, milli-mənəvi dəyərlərimiz mənimsənildi, dini ibadətgahlar, məscidlər, qəbiristanlıqlar barbarcasına dağıdıldı.
Tarixçi alimlərimizin də yazdıqları kimi, əzəli Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. mövcud olmuşdur. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid mövcud olub.
Yüzilliklərin şahidi və yadigarı olan, təlatümlü qərinələrin sərt sınaqlarından çıxan İrəvan qalasındakı bütün tarixi abidələr, Toxmax göl qəbiristanlığı, Ağadədə qəbiristanlığı, Aşağı Şorca qəbiristanlığı, VII əsrdə Sisyan rayonu ərazisində tikilmiş Agudi qəbirüstü abidəsi, 1413-cü ildə İrəvan-Eçmiədzin yolunun üstündə inşa edilmiş Əmir Səəd məqbərəsi, 1725-ci ildə İrəvanda inşa olunmuş Rəcəb Paşa məscidi və 150-dən artıq digər məscidlər ermənilər tərəfindən vandalcasına dağıdılaraq məhv edilib.
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalmışdır. Ermənilər onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbiristanlıqlarının qorunmaması qərara alınıb. Erməni vandalları azərbaycanlıların qəbiristanlıqlarını ucdantutma dağıdıblar.
Göy məscid
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, 1765-ci ildə Hüseynəli xanın hakimiyyəti dövründə başa çatdırılmışdır. Həmin məscid 1616-cı ildə Şah Abbas dövründə Gəncədə inşa edilən Cümə məscidinə bənzəyir. Onun ölçüləri 97,2 x 66 m idi. Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fəvvarəli daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi. 1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə, həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetari fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyəti meydana çıxmışdı. 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.
Səlim (Şah Abbas) karvansarası
Səlim karvansarası Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən - Yeğeqnadzor) rayonu ərazisində, Ələyəz dağının Səlim aşırımında, 2410 metr yüksəklikdə, Ağkənd (03.07.1968-ci ildən - Ağcanadzor) kəndinin yaxınlığındadır. Səlim aşırımının adı ilə Səlim karvansarası, el arasında isə Şah Abbas karvansarası adlanırdı. Yonulmuş bazalt daşdan tikilmiş karvansara iki binadan ibarət idi. Uzunluğu 35,5 m, eni 5 m olan əsas bina şimaldan şərqə doğru uzanırdı. Uzunluğu 31,5 m, eni 14,7 m olan ikinci bina isə birinciyə perpendikulyar tikilmişdi. Karvansaranın giriş qapısının üst hissəsində yarımdairə şəklində eni 2 m, orta hündürlüyü 1 m olan ərəb əlifbası ilə yazılan kitabədən məlum olur ki, karvansara Əbu Səid Xan Bahadur (söhbət Çingiz xanın varislərindən olub, 1316-1335-ci illərdə Elxani dövlətinin taxtında əyləşmiş Əbu Səid Xan Bahadurdan gedir) tərəfindən 1328-1329-cu illərdə tikilmişdir. Karvansaranın yaxınlığında yerləşən Ağkənd kəndində 1918-ci ilə qədər ancaq azərbaycanlılar yaşamışlar. Bu kəndə ilk ermənilər yalnız 1923-1925-ci illərdə köçürülüb gətirilmişlər.
Ermənilər bu abidənin “erməni knyazı” Çesare Orbelyan dövründə inşa edildiyini iddia edərək, onu erməni abidəsi kimi qələmə verməyə çalışırlar.
Zal xan məscidi
İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Məscidin üzərində ərəb əlifbası ilə Azərbaycan dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi – yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Bu məscid 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası üçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən birini əhali Zal xan məscidi və yaxud Şəhər məscidi adlandırmışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçıların verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.
Zahid Rza, “İki sahil”