Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı qərəzli bəyanatına cavab verib.
Qurumdan "İki sahil"ə verilən xəbərə görə, bəyanatda bildirilib ki, Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 16 mart tarixində Türk Dövlətlər Təşkilatında Qərbi Azərbaycan məsələsi ilə bağlı verdiyi bəyanatını yanıldıcı məzmunda təqdim etməyə cəhd edərək, bizim sülh yolu ilə, ləyaqətli və təhlükəsiz şəkildə qayıdış hüququmuza xələl gətirməyə cəhd göstərib.
İlk öncə, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların sülh yolu ilə qayıdışına verdiyi siyasi dəstəyə görə və bu məsələni mötəbər beynəlxalq formatların tribunasından ifadə etməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür edirik.
Ermənistan hökumətinin etiraz etdiyi Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, həmin bölgədə yaxın tarixədək azərbaycanlıların çoxluq təşkil etdiyini və son dövrlərədək qeydə alınmış toponimlərin və hidronimlərin 95%-dən çoxunun Azərbaycan mənşəli olduğunu nəzərə alaraq, bu ifadəni işlətməyin ciddi əsasları var. Xüsusilə, oranın qanuni sakinləri olan azərbaycanlılar etnik təmizləmə yolu ilə öz evlərindən zorla çıxarılıblarsa, o ifadəni işlətmək törədilmiş insanlıq əleyhinə cinayəti rədd etmək baxımından bütün insanlığın borcudur.
İcmanın qayıdış konsepsiyasında həmin ərazidə yaranmış Ermənistan Respublikasını hüquqi-siyasi reallıq kimi qəbul edilir, barışığa və reinteqrasiyaya əsaslanan yanaşmanı əsas götürülür.
Ermənistanın Baş naziri Nikol Paşinyana göndərdiyimiz məktubumuzda da qeyd etdiyimiz kimi, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz.
Belə olan təqdirdə, Ermənistan tərəfi “Artsax hökuməti”, “Artsax xalqı”, “Artsax ordusu” kimi ifadələr işlətməsinin izahatını verməlidir.
Nəhayət, biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan, qovulmuş azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq.