Qərbi Azərbaycan İcması Avropa Şurasının Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması üçün monitorinqə başlamağa çağırıb. İcma həmçinin Ermənistanın baş naziri Nikol Paşinyandan doğma yurdlarından didərgin salınmış Qərbi azərbaycanlıların öz evlərinə geri dönmələrinə lazımi şəraitin yaradılmasını da tələb edib.
Tələblərdə bildirilir ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların doğma evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasından və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır. Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üzrə monitorinq prosedurunun predmeti olmalıdır. Bütün bunları nəzərə alaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasına üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə AŞPA Komitəsinin (Monitorinq Komitəsi) Ermənistan üzrə həmməruzəçiləri Kimmo Kilyunenə və Boriana Eberqə məktub göndərərək, onları Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququnun təmin edilməsi sahəsində Ermənistanın öhdəliyini yerinə yetirməsi üzrə monitorinq proseduruna başlamağa çağırıb.
Monitorinq proseduru çərçivəsində bu məsələyə spesifik şəkildə baxmaq Monitorinq Komitəsinin vəzifəsi olmaqla yanaşı, insan hüquqlarının universal və effektiv şəkildə tanınması və onlara riayət olunmasına, eləcə də davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasına böyük töhfə olardı. Qeyd olunub ki, İcma bu mövzuda AŞPA Monitorinq Komitəsi ilə dialoqa hazırdır.
Haqqın, ədalətin, insan hüquqlarının təmin olunmasında məsul olan bu beynəlxalq təşkilat hüquqları vəhşicəsinə pozulmuş Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarına kömək etməlidir. Onların öz vətənlərindən qovulması sivil dünyanın gözü qarşısında baş verib. Sübuta heç bir ehtiyac yoxdur. Bizim qədim torpağımızda məskunlaşan ermənilərin hər cür ittiham olunması üçün saysız-hesabsız faktlar və dəlillər var. Şahidlərin məlumatlarına görə, ermənilər azərbaycanlılara məxsus olan tarixi, dini və mədəni abidələri hələ də söküb qurtara bilməyiblər. Goreşənlər qəbiristanlıqları tamamilə dağıtmağa macal tapmayıblar. Yer adlarının dəyişdirdirilməsini başa çatdırmayıblar. Ona görə də ermənilər bir çox adları olduğu kimi işlədirlər. Dünyanın bir çox tanınmış sərkərdələri, alimləri, şairləri, coğrafiyaşünasları Qərbi Azərbaycanda olmuş və onlar bu yerlərin özünəməxsus gözəlliyi, təbiəti, iqlimi və yaşıllığı haqqında yaddaqalan fikirlər söyləmiş, xatirələr yazmışlar. Təbii ki, o dövrlərdə yerli əhalinin tərkibi barədə məlumat verəndə ermənilərin adları belə çəkilməyib. Çünki Rusiyanın çar hakimiyyəti onları bu yerlərə 1828-ci ildən sonra İrandan və Türkiyədən daşıyıb gətirib. İlk köçürülənlər azərbaycanlıların tövlələrində, anbarlarında və digər yardımçı binalarında məskunlaşdırılıblar. Bundan sonra ermənilərə özlərinə ev tikmək üçün torpaq sahələri ayrılıb. Həmin torpaq sahələri çox vaxt azərbaycanlı kəndlərinə bitişik yerlərdə verilirdi. Məsələn, Dərələyəz mahalının kəndlərinin bir çoxunun lap yaxınlığında erməni kəndlərinin tikilməsi buna sübutdur.
Qərbi Azərbaycan İcmasının tələbinə ilk reaksiya Nikol Paşinyandan gəlib. Paşinyan adəti üzrə məsuliyyətdən yaxa qurtarmaq üçün azərbaycanlıların deportasiya olunduqlarını az qala həyasızcasına danıb və utanıb-qızarmadan "Azərbaycanlıları Ermənistandan heç kim qovmayıb, özləri gediblər"-deyib. Həyasızlığın dərəcəsini gördünüzmü?! Ancaq darıxmasın, əvvəlki digər aqressiv fikirlərini "yediyi" kimi, bu sözləri də ona "yedirdəcəklər." Yəni, bu, "ölünü özbaşına" qoysalar...Ancaq "ölünü özbaşına" qoymayacaqlar. Ermənilər Qarabağdan dördəlli yapışıb qaldıqları kimi, Qərbi azərbaycanlıların da öz doğma yurdlarına dönmək və əbədi yaşamaq hüquqları var.
Vəli İlyasov, "İki sahil"