11 mart 2023 19:33
754

İcma sözçüsü: Qərbi azərbaycanlılar reinteqrasiyaya və dinc yanaşı yaşamağa razıdırlar

Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan tərəfinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə inteqrasiyası barədə məsələni gündəmə gətirməsinin danışıqlar prosesinin irəli aparılmasına çətinlik törətməsi barədə iddiası və Ermənistan hökumətinin Qarabağ ermənilərinin hüquqları məsələsi ilə bağlı spekulyasiyalarına toxunub.

“İki sahil” xəbər verir ki, o, bununla bağlı deyib: “Sakinlərin yaşadıqları ölkəyə inteqrasiyası sülhün şərtidir və bu, hər vəchlə təşviq olunmalıdır. Öz evlərində yaşayan Qarabağ erməniləri ilə müqayisədə qat-qat ağır vəziyyətdə olan Qərbi azərbaycanlılar ağrılı tarixi keçmişə baxmayaraq, reinteqrasiyaya və dinc yanaşı yaşamağa, barışığa razıdırlar. Ermənistan hökumətinin evlərindən qovulmuş azərbaycanlıların hüquqlarını təmin etmək və bizim konstruktivliyimiz nümunəsində Qarabağ ermənilərini Azərbaycana inteqrasiyaya çağırmaq əvəzinə bu cür mövqe tutması riyakarlıqdır. A.Qriqoryan və Ermənistan hökumətinin digər rəsmiləri bilməlidirlər ki, insan hüquqları məsələsində onların ilk vəzifəsi o ölkənin qanuni sakinləri olan, evlərindən qovduqları azərbaycanlıların qayıdışına şərait yaratmaqdır”.