11 mart 2023 18:27
1186

Ülviyyə Zülfiqar: Qərbi azərbaycanlıların qayıdışına dair tələbimiz Ermənistanın ərazi bütövlüyünə təhdid kimi təqdim olunmamalıdır

Qərbi Azərbaycan İcması rəhbərliyi və bir qrup İcma üzvləri tərəfindən Ermənistanın baş naziri Nikol Paşinyana göndərilən məktubda Ermənistan hökuməti soydaşlarımızın öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququnun reallaşması üzrə dialoqa çağırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar deyib.

Mümkün dialoqda İcmanın tutacağı mövqe barədə danışan sözçü deyib: “44 günlük müharibədən sonra iki xalq arasında sülhün bərqərar olması üçün şərait yaranıb, lakin davamlı sülhün əldə edilməsi üçün bizim hüquqlarımızın da təmin olunması zəruridir. Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ, bununla bağlı tələbimiz heç bir şəkildə Ermənistanın ərazi bütövlüyünə xələl gətirə biləcək şəkildə qələmə verilməməli, bununla da diqqəti yanlış istiqamətə yönəltməyə cəhd göstərilməməlidir. Azərbaycan hökumətinin özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquqlarını qorumağa hazır olduğunu bəyan etdiyi və bu istiqamətdə əməli addımlar atdığı kimi, Ermənistan hökuməti də qarşılıqlı olaraq bizim hüquqlarımızı təmin etmək üçün konkret addımlar atmalıdır. Bütün bunları nəzərə alaraq, biz Ermənistanın baş naziri Nikol Paşinyanı geri qayıtmağımızla bağlı vaxt itirmədən icma ilə danışıqlara başlamağa çağırdıq. Biz qarşılıqlı maraq kəsb edən məsələlərə dair Ermənistan hökuməti ilə birbaşa dialoqa hər zaman hazır olduğumuzu qeyd etməklə bərabər, vurğulamaq istərdik ki, qayıdış prosesi və qayıdışdan sonrakı mərhələdə fərdi və kollektiv hüquqlarımızın təmin edilməsi məsələsi müvafiq beynəlxalq mexanizm çərçivəsində baş verməlidir”.

Ülviyyə Zülfiqar, həmçinin qayıdış prosesi ilə bağlı mümkün dialoqun əsas mövzularına dair İcmanın mövqeyini belə izah edib: “Qayıdış prosesi müvafiq zəmanətləri və verifikasiya mexanizmləri olan beynəlxalq hüquqi təminat çərçivəsində baş verməlidir;

Qayıdacaq insanların təhlükəsizliyini təmin etmək üçün qayıdış olacaq ərazilərə müvafiq mandatla beynəlxalq sülh missiyası yeridilməlidir. Həmin missiya İcmanın etibar etdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır;

Qayıdış prosesində qovulmadan əvvəlki məskunlaşma coğrafiyası bərpa edilməlidir. Geri qayıdanları pərakəndə səpələmək insan hüquqlarına zidd cəhd kimi rədd ediləcək;

Ermənistan qayıdacaq azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təminatı üzrə beynəlxalq nəzarət və monitorinq mexanizmi çərçivəsində İcma ilə konstruktiv dialoqa başlamalıdır. Biz artıq bununla bağlı Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsində rəsmi müraciət göndərmişik;

Qayıdacaq azərbaycanlıların Azərbaycan ilə xüsusi bağları nəzərə alınaraq, onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqəsinə şərait yaradılmalıdır;

Ermənistan hökuməti qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını qaytarmalıdır;

Qərbi azərbaycanlılar erməni xalqı ilə barışığa, dinc və yanaşı yaşamağa hazırdırlar. Ermənistan hökuməti barışığı təşviq etmək üçün səylər göstərməli, dağıdılmış Azərbaycan mədəni irsini bərpa etməli, qorumalı, həyata keçirdiyi yer adları dəyişikliklərini ləğv etməli və azərbaycanlılara qarşı ayrı-seçkilik siyasətinə son verməlidir. Biz ilk addım kimi öz evlərimizi, müqəddəs yerlərimizi və qəbiristanlıqlarımızı ziyarət edə bilməyə şərait yaratmaq xahişi ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə müraciət etmişik. Hesab edirik ki, Aİ-nin Ermənistandakı missiyası məhz bu məsələ ilə məşğul olaraq, öz mandatını yerinə yetirə bilər;

İcma Qərbi azərbaycanlıların legitim nümayəndəsi və maraqlı tərəf kimi qayıdış prosesi və sonrakı dövrdə bütün müvafiq proseslərdə iştirak etməlidir”.