07 mart 2023 01:57
847

Əzəli yurd yerimiz, dillərə dastan - Ulu Göyçə

Qərbi Azərbaycan bizim tarixi yurd yerimiz, əzəli torpaqlarımız olub. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Qərbi Azərbaycanın, İrəvanın, Zəngəzurun və Göyçənin tarixi Azərbaycan torpaqları olduğunu vurğulayır. Ölkə rəhbəri ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bunu bir daha bəyan edib: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb”.

1905-1906, 1918-1921, 1948-1953 və 1988-1991-ci illərdə aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar indi Ermənistan adlanan həmin ərazilərdən sürgün edilib. Bundan sonra azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib.

Qərbi Azərbaycanda soydaşlarımızın min illər boyu yaşadığı yurd yerlərindən biri, 1747-1828-ci illərdə İrəvan xanlığında mahal olan Göyçədir. Dillərə dastan olan Göyçə mahalı cənubdan-Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimalda isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunub. Göyçə mahalı ərazisi türk mənşəli Sacilərin, sonra Salari və Rəvvadilərin, Səlcuq İmperiyasının, Atabəylər, Hülaki, nəhayət XV əsrdə Qaraqoyunlu, sonralar Ağqoyunlu dövlətləri və Səfəvi dövlətinin tərkibində olub. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri dövründə Çuxursəd vilayətinin tərkibində olan Göyçə mahalı, Səfəvi dövləti dövründə 13 bəylərbəyilikdən biri olan Çüxursəd bəylərbəyiliyinin ərazi inzibati vahidlərindən biri olub. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək, Basarkeçər, Aşağı Qaranlıq, Kəvər və Yelenovka rayonları. Göyçə hövzəsinin əsas hissəsini Pəmbək, Əlibəy, Ağmanqan, Güneydağ, Alagöllərin başı dağ silsilələrindən ayrılan çıxıntılar təşkil edir. Bölgənin ən mühüm dağ zirvələrini Pəmbək dağında Maymak, Kömürlü, Pirdağ zirvələri, Güneydağ silsiləsində Maralca, Soyuqbulaq, Kirtikdağ zirvələri, Məzrə dağlarında Keytidağ zirvəsi, Ağmanqan dağlarında isə Ağmanqan və Üçtəpələr zirvələri təşkil edir. Dağ silsilələrindən ayrılan çıxıntılar Göyçə hövzəsinin aşağı hüdudlarında iki düzənlik-Məzrə və Zəngi düzənliklərini yaradır.

Əsrarəngiz təbiətə, bərəkətli torpaqlara və geniş otlaqlara malik olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş edib.

1826-1828-ci illər Rusiya-İran və 1828-1829-cu illər Rusiya-Türkiyə müharibələri nəticəsində Göycənin Buğdatəpə, Hacımumuxan, Allahverdibəy, Üçtəpə, Kərimkənd, Yuxarı Altuntaxt, Aşağı Altuntaxt, Dəmirçi Poğos, Əyricə, Atdaş, Axsaxtovuz, Karvansaray, Qasımbaşı, Mədinə, Baş Gözəldərə, Xancığazoğlu, Qızılkilsə, Böyükağa, Ağkilsə, Göyçə, Sultanəli, Sətənağac, Karvansaray, Əyricə, Kərimkənd, Dəli Harutyun, Qəməsar kimi kəndləri dağdılıb.

XIX əsrin sonunda İrəvan quberniyasında dövlət kəndlilərinin iqtisadi həyatını tədqiq edən V.A. Parvitskinin əsərlərində Göyçə hövzəsinin coğrafi mövqeyini əks etdirən qiymətli məlumatlara rast gəlinir. Yeri gəlmişkən, tədqiqatçının Yeni Bəyazid qəzasında apardığı müşahidələr və araşdırmalar 1862-ci və 1893-cü illərdə Tiflisdə nəşr olunan “Cənubi Qafqaz dövlət kəndlilərinin iqtisadi həyatının öyrənilməsi üçün materiallar” adlı topluda çap olunub. 

Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda Göyçə gölü ətrafında yerləşən bu mahal digər tarixi torpaqlarımız kimi onun tərkibində olub. 1920-ci ildən Azərbaycanı işğal edib AXC hökumətinin fəailiyyətinə son qoyan rus bolşevik imperiyası tarixi torpaqlarımız olan Zəngəzur, Göyçə, Şərur mahalı, Dərələyəz mahallarını, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Göyçə mahalı “Kitabi-Dədə Qorqud”da rast gəlinən yer-yurd adlarının izinə Göyçə gölü boyunca hər qarışda rast gəlmək olar. Göyçənin elə bir guşəsi yoxdur ki, orada türk-oğuz izlərinə rast gəlinməsin.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi torpağımızı - Qarabağı işğaldan azad etdi. Qırx dörd günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq ərazi bütövlüyünü təmin edən Azərbaycan bu gün öz gücü ilə əbədi azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış proqramını uğurla icra edir. Hazırda uzunmüddətli deportasiya siyasətinin qurbanı olmuş Qərbi Azərbaycandan olan soydaşlarımızın da doğma yurdlarına dönməsi istiqamətində ciddi iş aparılır. Ölkə başçısı daim vurğulayır ki, Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıtması onların hüququdur. Azərbaycan dövləti əlindən gələni edəcək ki, Qərbi azərbaycandan olan soydaşlarımızın hüquqları bərpa olunsun.  Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bunu bir daha bəyan etdi: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”.

Zahid Rza, “İki sahil”