Qərbi Azərbaycan İcması BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irsin vəziyyətinin dəyərləndirilməsinə, o cümlədən zərər vurulmuş və yer üzündən silinmiş mədəni irs nümunələrinin siyahısının hazırlanmasına və Ermənistan hökumətinin onları bərpa etmək və qorumaq öhdəliyini icra etməsinə nail olmaq üçün səy göstərəcək.
“İki sahil” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasında öz əksini tapıb.
Həmçinin bildirilir ki, azərbaycanlı əhaliyə qarşı etnik əsaslarla genişmiqyaslı və sistematik zorakılıq səbəbindən Qərbi Azərbaycan İcması təhlükəsizlik məsələlərində Ermənistana etibar etmir. Buna görə də Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət beynəlxalq təhlükəsizlik missiyasının həmin ərazilərə yerləşdirilməsini zəruri hesab edir.
Qərbi Azərbaycan İcması hesab edir ki, onun missiyası təkcə qayıdış məsələsi ilə məhdudlaşmır. İcma əhali öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi öz fəaliyyətini, o cümlədən orada yaşayacaq azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylər göstərəcək. Azərbaycan Qərbi Azərbaycana qayıdacaq vətəndaşlarının təhlükəsizliyi baxımından xarici dövlətlər və beynəlxalq təşkilatlarla, eləcə də Ermənistan hökuməti və ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir.