Serbiya prezidenti Aleksandr Vuçiçin Bakıya rəsmi səfəri diqqəti cəlb edir. Belə ki, Serbiya Avropa İttifaqının üzvü olmayan çox az Avropa ölkələrindən biridir. Serbiya ilə münasibətlri dərinləşdirməklə Azərbaycan həm Avropa İttifaqı, həm də ondan kənarda olan Avropa ölkələri ilə əlaqələrini eyni dərəcədə genişləndirmək siyasətini ortaya qoyur.
Ölkələr arasında əlaqələrin bütün istiqamətlər üzrə sürətlə dərinləşdiyini qeyd edib Bildirib ki, həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan, bir-biri ilə sıx əlaqədə olan ölkələrdir: “İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq. Hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaqdır”.
Azərbaycanla Serbiya arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır. Hər iki sənəddə keçmiş Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in qərarlarına uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının dəstəkləndiyi qeyd olunub.
Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir.Azərbaycanla Serbiya arasında iqtisadi sahədə yaxşı əlaqələr mövcuddur. 2021-ci ildə Serbiya Azərbaycanın 71-ci xarici ticarət tərəfdaşı olub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,23 milyon dollar, o cümlədən idxalın həcmi 8,04 milyon, ixracın həcmi isə 1,19 milyon ABŞ dolları təşkil edib. 2020-ci illə müqayisədə ötən il Serbiya ilə ticarət dövriyyəsi 1,9 faiz, o cümlədən idxal 2,27 faiz artıb, ixrac isə 0,53 faiz azalıb.2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya Azərbaycanın 68-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,84 milyon dollar, o cümlədən idxalın həcmi 8,10 milyon dollar, ixracın həcmi 1,74 milyon dollar təşkil edib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında Serbiya ilə ticarət dövriyyəsi 27,51 faiz artıb.
Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya da fəaliyyət göstərir. Komissiyanın sonuncu - 6-cı iclası ötən ilin iyulunda Bakıda keçirilib.Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən Serbiya investisiyalı 4 şirkət qeydiyyatdan keçib. Azərbaycanın isə “AzVirt” şirkəti Serbiyada yol infrastrukturu layihələri həyata keçirir. Belqradda Serbiya-Azərbaycan Ticarət Palatası fəaliyyət göstərir.Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Serbiyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında mütəmadi olaraq iştirak ediblər. Serbiya Baş nazirinin müavini, mədən və energetika naziri Zorana Mixayloviçin ölkəmizə səfəri çərçivəsində 2022-ci il iyunun 1-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında energetika və mədənçilik sahələrində əməkdaşlığa dair Saziş” imzalanıb.
Hazırda ölkələr arasında əlaqələrin daha bir istiqaməti nəqliyyat-logistika sahəsidir. Azərbaycan Prezidenti bu məsələyə diqqət yetirərək, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini, bu sahədə uzlaşma və bağlantının yaradılması üçün hər iki ölkənin müvafiq qurumlarının fəal işləməsinin gərəkdiyini vuğulayıb. O, həmçinin energetika sektorunda əməkdaşlıq potensialının olduğunu bildirib: “Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır. Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək”.
Serbiya Prezidenti ölkəsinin Azərbaycandan həm qaz, həm elektrik enerjisi almaq, həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib: “Biz artıq özümüzün ötürücü sistemlərimizin inşası, inkişafı yollarını müzakirə etdik ki, Rumıniya və Macarıstana sualtı xətlə nəql olunacaq elektrik enerjisini əldə edək və özümüzün necə enerji benefisiarları ola biləcəyimizi nəzərdən keçirək. Biz Bolqarıstan və Şimali Makedoniya ilə birlikdə inşa etməyə hazırlaşdığımız interkonnektorlar vasitəsilə Azərbaycan qazını əldə etməyin yolları barədə müzakirə apardıq. Bütün bunlar bizim üçün vacibdir. Lakin hesab edirəm ki, biz eyni dərəcədə mühüm olan, bəlkə də daha mühüm olan bəzi yeni əməkdaşlıq sahələri açırıq. Söhbət bizim ümumi fəaliyyətimizdən, müdafiə sənayesində texnologiya mübadiləsindən və üçüncü ölkələrin bazarlarına birlikdə çıxara biləcəyimiz bəzi məhsullar üzərində aparılan işdən gedir”.
Azərbaycandan Avropaya elektrik enerjisi ötürəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırmasını İtaliya şirkəti hazırlayacaq. Dünya Bankının ayırdığı 2,5 milyon avro hesabına maliyyələşəcək əsaslandırma 2023-cü ilin sonuna hazır olacaq. 2024-cü ildən etibarən layihənin icrasına başlanması və 3-4 ilə yekunlaşdırılması nəzərdə tutulur.Layihənin strateji əhəmiyyəti, həmçinin səmərəliliyi artıq dünyanın ən böyük investorlarının ona marağının yaranmasına səbəb olub.
Dekabrın 21-də Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana işgüzar səfərə gəlmişdir. Səfər çərçivəsində iki ölkə prezidentlərin təkbətək, həm də geniş tərkibli görüşləri keçirilmiş, dövlət başçıları mətbuata birgə bəyanat vermişlər.Azərbaycan-Serbiya diplomatik əlaqələri 25 illik bir tarixə malik olsa da, ölkələrimiz arasında bir sıra strateji əməkdaşlıq sənədləri imzalansa da, iki ölkə arasında münasibətlərin intensivləşməsi gələcək üçün daha genişmiqyaslı perspektivlər vəd edir. "Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman biri-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq"Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının qeyri-enerji, qeyri-neft sahəsinə dair də geniş imkanlar mövcuddur. Azərbaycan Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi kimi, Serbiya da Avropanın çox mühüm nəqliyyat qovşağıdır. Serbiyanın ərazisindən 2 mühüm ümumavropa nəqliyyat dəhlizi keçir, dəmir yolu və su (çay) nəqliyyatı yüksək inkişaf göstəricilərinə malikdir və sair. Bu baxımdan, Azərbaycan-Serbiya nəqliyyat- logistika əlaqələri uzunmüddətli perspektivlər vəd edir və ölkəmizin Serbiya üzərindən Avropada daha geniş bazara çıxış imkanlarını artıra bilər.Serbiyanın müdafiə sənayesi sahəsində ciddi uğurları var. Bu istiqamətdə də Azərbaycan-Serbiya münasibətləri perspektivlidir. Azərbaycan daim öz hərbi-iqtisadi gücünü artıran, sülhməramlı dünyəvi bir dövlətdir. Ona görə də ölkəmizdə müdafiə sənayesinin inkişafı, müasir avadanlıqların alınması və sair baxımından da Serbiya-Azərbaycan münasibətləri cəlbedicidir.
Azərbaycan özünün tranzit ölkə, həmçinin ənənəvi və yaşıl enerji mənbəyi kimi potensialını, Avropanın bu istiqamətlərdəki tələbatının qarşılanmasındakı rolunu artırmaq üçün ciddi addımlar atmaqdadır.
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. İki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf edir. Azərbaycan və Serbiyanın ölkələrimizin suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörməti və dəstəyi hər iki ölkə arasında strateji tərəfdaşlığın təməl daşlarını təşkil edir. Xüsusilə qeyd etməliyik ki, cənab Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı ona göstərilən xüsusi hörmət və ehtiram Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun, gücünün və qüdrətinin növbəti təzahürü idi. Bu gün Serbiya Avropa qitəsində Azərbaycanın ən yaxın dostlarından və tərəfdaşlarından biridir.Ölkələrimiz arasında vizasız gediş-gəliş haqqında sazişin tezliklə qüvvəyə minməsi xalqlarımız arasında turizmi və işgüzar əlaqələri gücləndirəcəkdir.
Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.
Orxan İsmayılov,
T.C Eskşehir Osmangazi üniversitetinin tələbəsi,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəal üzvü