21 noyabr 2022 00:20
318

Belarus DİN Ukrayna ilə sərhəddə Polislərin sayını artırıb

Belarus Daxili İşlər Nazirliyi Ukrayna ilə sərhəddə Polis əməkdaşlarının sayını artırıb.

“İki sahil” xəbər verir ki, bu barədə bazar günü STV telekanalına müsahibəsində respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov məlumat verib.

Onun sözlərinə görə, sərhəddə polis əməkdaşlarının xidmət göstərməsi yeni vəzifə deyil: “Biz bunu çox etmişik. Sərhəd komitəsi (Belarus) ilə birlikdə daim öz sərhədlərimizi qorumaq üçün xidmət göstəririk və bu gün biz, əlbəttə, Ukrayna ilə sərhədi xüsusilə gücləndirmişik”.

Kubrakov əlavə edib ki, Belarus Daxili İşlər Nazirliyi xaricdən ölkəyə soxulmağa cəhd edəcək terrorçuların məhv edilməsi ilə bağlı birmənalı tapşırıq alıb: “Vəzifə aydın şəkildə qarşıya qoyulub: əgər kimsə Belarus Respublikasının ərazisində xüsusilə terror aktları törətməyə cəhd edərsə məhv ediləcək”.