27 may 2022 23:12
1189

Bitmir ki, bitmir!

Düşmənin basdırdığı minalar hələ də təhlükə mənbəyi olaraq qalır

Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi irimiqyaslı tikinti və bərpa ilə yanaşı, minatəmizləmə ilə bağlı aparılan sürətli işlər də diqqəti cəlb edir. Doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün Qarabağda mühüm layihələr həyata keçirilir.

Lakin işğalçı ölkənin faşist xislətinə xas olaraq torpaqlarımızda saysız-hesabsız mina basdırması isə bu prosesin tez bir zamanda baş verməsini ləngidən əsas səbəbdir. Çünki belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zaman və resurs tələb edir.

Elə bu günlərdə Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən növbəti üçtərəfli görüş zamanı da müzakirə mövzularından biri də işğaldan azad edilmiş ərazilərimizdə mina probleminin həlli ilə bağlı idi. Ümumiyyətlə, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda mövcud olan mina probleminin həlli məsələsini bütün beynəlxaq platformalarda qaldırır və bu dəfə də belə oldu.

Üçtərəfli Bəyanatın imzalanmasından əvvəl və sonra Ermənistan tərəfindən Azərbaycanın işğaldan azad olunan ərazilərinə döşənmiş minaların partlaması nəticəsində xeyli sayda insan həlak olub, ciddi xəsarət alıb. Statistikadan da göründüyü kimi, 2020-ci il noyabrın 10-dan 2022-ci il mayın 10-dək işğaldan azad edilən ərazilərimizdə minaların partlaması ilə bağlı 219 hadisə baş verib ki, nəticədə 181 nəfər yaralanıb (67 mülki şəxs, 114 hərbçi), 38 nəfər isə həlak olub (31 nəfər mülki şəxs, 7 nəfər hərbçi).

2020-ci il noyabrın 10-dan sonra işğaldan azad olunmuş ərazilərimizdə 23 min hektardan çox ərazi təmizlənib, 55 mindən çox mina və partlamamış hərbi sursat zərərsizləşdirilib. Bunlardan 10 mini tank əleyhinə, 19 mini piyada əleyhinə mina, 26 mini isə partlamamış hərbi sursatlar olub.

Xatırladaq ki, Azərbaycanın ardıcıl tələblərindən və beynəlxalq təzyiqlərdən sonra ötən ilin sonunda Ermənistan işğaldan azad edilmiş müəyyən ərazilərin minalanmış sahələrinin xəritəsini ölkəmizə təqdim etsə də faktiki olaraq bu sənədlər işğaldan azad edilmiş əraziləri tam əhatə etmir.

Ötən il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanın xəritəsini Azərbaycan tərəfinə verməyə məcbur edilmişdi. İyul ayının əvvəlində isə işğal zamanı Füzuli və Zəngilanda basdırılmış təqribən 92 min minanın xəritəsi alınmışdı. Lakin həmin xəritələrin də dəqiqliyi cəmi yüzdə 25 faiz təşkil edir.

Azərbaycanın 2030-cu ilədək milli prioritetləri sırasında azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılması əsas strateji hədəflərdən biri kimi qarşıya qoyulub. Qarabağda və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin həyata keçirdiyi irimiqyaslı tikinti və bərpa ilə yanaşı minatəmizləmə ilə bağlı aparılan sürətli işlər də onu deməyə əsas verir ki, dövlətimiz qarşısına qoyduğu bu hədəfi də uğurla çatacaq.

Mənsumə Babayeva, “İki sahil”