23 may 2022 22:30
2235

Rənglər dünyası

Alimlər çox gözəl dəqiqləşdiriblər ki, insanın həyatında, psixologiyasında, eləcə də  fiziologiyasında  rənglər mühüm rol oynayır. Xasiyyətlərə görə hərənin öz seçdiyi rəng olur. Bilmək lazımdır ki, görmə orqanizmi olan gözlərimiz 180-dək rəng tonunu, onların 10000-dən artıq çalarlarını ayırmağa  qadirdir. Ən maraqlısı isə hər bir rəngin özünəməxsus xüsusiyyətlərə  malik olmasıdır. Hətta rənglər beyinlərə etdiyi təsirləri ilə insan həyatına uğur gətirməklə bərabər, uğursuzluq da   yarada bilir. Həmçinin qadınların rənglər dünyasına baxışı kişilərdən tamamilə fərqlənir.

Rənglərin xüsusiyyətlərini öyrənən elm koloristika  adlanır. Bu elm rənglərin insan psixologiyasına  təsirini iki cür göstərir. Yəni bəzi rənglər sinir sistemini qıçıqlandırır, bəziləri isə  sakitləşdirir.

İndi gəlin rənglərin xüsusiyyətləri ilə tanış olaq.   Rənglərin  başında qırmızı, sonunda qəhvəyi durur. Odur  ki, qırmızı rəngdən başlamaq istəyirəm. Qırmızı enerji, dinamizm  xüsusiyyətlərini  özündə cəm etdiyinə görə bu işgüzar, cəsarətli, həmişə rəhbərliyə can atan insanların rəngidir. Həm də,  həmişə özünü diqqət mərkəzində  saxlamaq qırmızılara  xas olan haldır. Sevib-sevilmək hissləri qırmızılarda  daha güclüdür. Elə sevinci də  bu rəng təmsil edir.

Təbiəti özündə əks etdirən yaşıl rəng rahatlığın rəmzidir. İnsana inam gətirir, onu yaradıcılığa həvəsləndirir.  Yaşıla üstünlük verənlər öz qürurunu hər şeydən  üstün tuturlar. Onlar inadkar olmaqla öz gücü hesabına hadisələri qabaqlamaqla istəklərinə  vaxtında nail olmaq qabiliyyətinə  malikdirlər.

Qara rəngdə bağlılıq daha çoxdur. Qara  matəmə də işarədir. Qaranı seçənlərin cərgəsinə əsasən özünə qapalı, ciddi xarakterə malik, özündənrazı  insanlar daxildir. Bu rəng əsəblərə  pis təsir göstərir, enerjini azdır.

Sədaqət, etibar, məhəbbət simvolu olan mavi insan həyatına dinclik, məmnunluq  gətirir. Mavi rəngi  sevənlər  sakit və sahmanlı olur, başqalarına həssaslıqla yanaşırlar. Onların estetik   təəssüratı    zəngindir, azad mühitə həmişə ehtiyac duyurlar.

Qırmızı və mavinin qarışığından yaranan bənövşəyi rəng bir növ barışdırıcı rola malikdir. Əsasən hamilə qadınlar bənövşəyi rəngi daha çox  sevirlər.  Həm də bənövşəyə meyl göstərənlər  yüksən dünya görüşlü,  intellektual   səviyyəli insanlardır. Daim  axtarışda olmaq belələrinin sanki həyat kredosudur.

Narıncı rəng rahatlıq, dinclik rəmzi sayılır. Buna uşaq rəngi də deyirlər. Çünki  uşaqlar bu rəngi xoşlayır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü