Hər yeni başlanğıc, istər layihələr, sərəncamlar, fərmanlar, istərsə də təşkil olunan beynəlxalq tədbirlər, qurultaylar sübut edir ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin sözü imzası qədər qüvvətli və mötəbərdir. Dünya İkinci Qarabağ müharibəsində Azərbaycanın gücünü, düzgün siyasətini, layiqli mövqeyini gördü. Azərbaycanın yüksək peşəkarlıqla hazırlanmış, hərb sirrinə yaxşı bələd olan əsgər və zabitləri cəmi 44 günə Ermənistan ordusunu diz çökdürdü, eyni zamanda, təcavüzkar dövlətə uzun illər rəhbərlik etmiş cinayətkarlara dərs verdi. Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, biz İkinci Qarabağ müharibəsini heç vaxt unutmamalıyıq. İşğal dövründə törədilmiş vəhşilikləri unutmamalıyıq.
Müharibədən qısa zaman sonra azad olunmuş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı ki, dünyada hələ heç bir ölkədə, heç bir yerdə müharibələrdən sonra bu sürətlə quruculuq-bərpa işləri aparılmayıb. 2020-ci il noyabrın 16-da Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Elə həmin gün də dövlətimizin başçısı Füzuli rayonundan Qarabağın tacı olan, Qafqazın incisi sayılan Şuşa şəhərinə avtomobil yolunun çəkilişi ilə bağlı göstəriş verdi. Həmin səfərdə ölkə başçısı, eyni zamanda, vurğuladı ki, son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib: “Deyə bilərəm ki, 2004-cü ildən bu günə qədər 16 min kilometrdən çox avtomobil yolu çəkilibdir və yollar keyfiyyətlidir. Bu göstəriciyə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Ancaq bu yolun xüsusi əhəmiyyəti var. Dediyim kimi, bu yol bizi Şuşaya aparır. Eyni zamanda, bu layihə işğaldan azad edilmiş torpaqlarda icra edilən birinci layihədir”.
Heç şübhəsiz Prezident İlham Əliyevin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətini hər kəs yaxşı xatırlayır. Ölkə başçısı müraciətində bəyan etdi ki, 2022-ci ildə biz Şuşa şəhərinin 270 illik yubileyini qeyd edəcəyik: “ 1752-ci ildə Pənahəli xan Şuşanın əsasını qoydu və yeni ildə biz bu yubileyi təntənəli şəkildə qeyd edəcəyik. Bu şərəfli tarixi nəzərə alaraq və Şuşanın bərpasını sürətləndirmək məqsədilə yeni ili “Şuşa şəhəri İli” elan edirəm”.
Prezident İlham Əliyevin Vətən məfhumuna, onun müstəqilliyinə, suverenliyinə, inkişafına nə qədər həssas yanaşdığını ölkə vətəndaşlarının, azərbaycanlıların böyük əksəriyyəti yaxşı bilir. Azad edilmiş torpaqların dirçəldilməsi, dünyanın ən yaxşı logistika mərkəzlərinin, informasiya texnologiyalarının, rəqəmsal idarəetmə texnologiyalarının, nəqliyyat şirkətlərinin Azərbaycana gəlməsi, “ağıllı” şəhər və kəndlərin, sürətli yolların, hava limanlarının salınması və s. Prezident İlham Əliyev üçün qarşıya qoyulmuş ən ümdə vəzifələrdir.
Ali Baş Komandan postmünaqişə dövründə işğaldan azad edilmiş torpaqlara 35 dəfəyə yaxın səfər edib. Qalib Sərkərdənin hər səfər zamanı keçirdiyi hisslərin, sevincin, Qarabağın əzəmətli zirvəsi olan Şuşada və digər torpaqlarda çıxışlarındakı qürurun şahidi oluruq. Mayın 10-da ölkə başçısı İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısındakı müraciətində bunları deyib: “Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.”
Bu gün bütün dünyanın diqqəti Qafqazın incisi Şuşa şəhərinə yönəlib. Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak etdilər. “Şuşa İli”ndə keçirilən Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-də başa çatacaq builki festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak edirlər.
Özünü fəxrlə azərbaycanlı adlandıran hər kəs harada yaşamasından asılı olmayaraq, öz ata-baba yurdu ilə genetik bağlılığını həm də “Xarıbülbül” festivalı zamanı hiss edir. Xatırladaq ki, Şuşa şəhərində ilk “Xarıbülbül” festivalı məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin (1889-1965) 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildə keçirilib. 1990-ci ildə isə sözügedən festival beynəlxalq status alıb. Onu da qeyd edək ki, “Xarıbülbül” festivalı məhz mayında – Şuşada xarıbülbülün çiçəklənmə dövründə keçirilir.
Günel Eyyubova, “İki sahil”