Sony və Marvel "Spider-Man: Brand New Day" ("Hörümçək-adam: Tamamilə yeni gün") filmi üçün ümumilikdə 13 fərqli afişa təqdim edib. Vintage, futuristik və illüstrasiyalı variantlardan tutmuş Dolby Atmos, 3D və 4DX formatları üçün hazırlanmış posterlərə qədər müxtəlif seçimlər olsa da, Kanadanın qərbində yerləşən Prins Corc şəhərindəki Famous Players kinoteatrı onların heç birini vaxtında əldə edə bilməyib.
“İki sahil” xəbər verir ki, "Hollywood Reporter"in məlumatına görə, kinoteatr iyulun 31-də rəsmi posteri almadığı üçün vəziyyətdən çıxış yolunu öz imkanları hesabına tapmalı olub.
Nəticədə filmin peşəkar posterləri kinoteatr əməkdaşlarından biri olan Dreyk Landonun əl işi ilə əvəzlənib. O, sosial şəbəkələrdə 2010-cu illərdə populyarlaşmış "Spooder-Man" memindən ilham alaraq Hörümçək Adamı markerlə karton üzərində əllə çəkib. Filmin adı da orijinala bənzər şriftlə yazılıb.
Sadə və yumoristik dizayn gözlənilmədən dünya üzrə geniş yayılıb. Tamaşaçılar kinoteatrın girişində asılmış posteri sosial şəbəkələrdə paylaşaraq onu rəsmi reklam kampaniyasından daha xarizmatik adlandırıblar.
Bir istifadəçi yazıb: "Rəsmi marketinqi unudun. Əllə çəkilmiş bu Spider-Man afişasının daha çox xarakteri var. Kinoteatr əməkdaşları improvizasiyanı tam başqa səviyyəyə qaldırıblar."
Digər tamaşaçı isə Facebook-da Dreyk Landonun posterin qarşısında çəkilmiş fotosunu paylaşaraq belə yazıb: "Oğlum Roqanla bu gün kinoteatra sırf bu əl işi afişaya baxmaq üçün getdik. Çox möhtəşəmdir, belə davam et, Dreyk."
"Hollywood Reporter"ə danışan Dreyk Landon bu reaksiyanı qətiyyən gözləmədiyini bildirib.
"Hələ də bunun miqyasını tam dərk etmirəm. Bu qədər sadə bir işimin belə böyük təsir göstərməsi inanılmazdır", – deyə o bildirib.
Cineplex şirkətinin kommunikasiya üzrə vitse-prezidenti və kinoteatrın sahibi Mişel Saba da Landonun işini yüksək qiymətləndirib.
"Görünür, komandamız 'Spider-Man: Brand New Day'in rəsmi afişasını gözləyərkən xeyli əylənib", – deyə o bildirib.
Dreyk Landonun hazırladığı poster filmin ətrafında yaranmış media marağını daha da artırıb.
Tom Hollandın baş rolunu oynadığı və Destin Daniel Krettonun rejissoru olduğu "Spider-Man: Brand New Day" iyulun 29-da nümayişə çıxandan bəri dünya üzrə 1,722 milyard dollardan çox gəlir əldə edib və bu göstərici artmaqda davam edir.
Fransada film artıq 5 milyon tamaşaçı həddini keçib. Bu templə davam edərsə, o, dünya kassa tarixinin ən uğurlu filmlərindən birinə çevrilə bilər. Bununla belə, "Avengers: Endgame" və "Avatar" filmlərinin rekordlarını geridə qoyması üçün hələ də müəyyən məsafə qət etməlidir.