Dostumla, çörək almağa getmişdik. O marketin qarşısında dayandı, mən isə içəri keçdim. İki ədəd çörək götürdüm və pulu vermək üçün kassaya yaxınlaşdım. Növbə çox idi. Məndən irəlidə yaşlı bir kişi dayanmışdı. Saçları qar kimi ağ idi, qulağına qədər toz torpaq içində papaq qoymuşdu başına. Üstündəki paltar da papağı kimi çirkli, ayaqqabısı yırtılmış və dalğın bir halda növbəsinin çatmasını gözləyirdi. Qırışmış əllərində tutduğu torbanın içərisində 1 çörək, 1 su şüşəsi və kolbasa vardı. Toz içində olan üzünün qırışları onun yaşının çox olduğunu bildirirdi. Qocanın gözünə baxanda min illərin yorğunluğu bilinirdi. Gözlərini bir yerə tikərək, fikirli halda gözlərini qırpmadan baxırdı. Yaşı bəlkə də 60-dan çox olan, anacaq hələ də fəhləlik edən zəhmətkeş bir insan vardı qarşımda. Ailəsi, özü, yaşamağı üçün bu yaşda zəhmət çəkən fədakar insan.
Toz içində gizlənmiş üz qırışları, onun həyatda çox şey yaşadığından xəbər verirdi. Həyatı sanki tozla o qırışlara yazılmışdı. Növbə irəliləyirdi, az adam qalmışdı, gözləməkdən hövsələsi daralan dostum mənə səslədi. “Gəlirəm, gözlə”,- dedim. Mənim bu səsim fikrə dalmış qocanı oyatdı sanki, mənə: “Hmm, nədir, qizim?”, - dedi. Dedim ki, baba, səninlə deyiləm, dostumla idim, sənə kömək lazımdırmı? Qoca o yorğun gözləri ilə mənə baxıb: “Sağ ol qızım, istəmirəm”,- dedi. Diqqətlə qocanın gözünə baxdım. Necə də yorğun, necə də üzgün, dərdli birinə oxşayırdı. Gözlərinin içində dərin bir quyu vardı sanki, quyunun içərisində batmiş arzuları, xəyalları varmiş kimi baxırdı.
Pulu vermək üçün kassaya tərəf adım atdı, axsayırdı, ayağı deyəsən zədə almışdı. Pulu ödəyəndən sonra ayağını sürüyərək marketdən çölə çıxdı. Adam diqqətimi çəkmişdi. Aldığım çörəyin pulunu verib onun arxasınca çıxdım. Qoca marketin qarşısında ah çəkərək dayandı. Ətrafı solğun baxışla süzüb yavaş-yavaş pilləkənlərlə aşağı düşdü. Ayaqları heç yerimirdi sanki məcbur gedirdi. Yerimək deyil də oturmağa yer gəzirdi. Avtobus dayanacağına getdi və oradakı skamyada oturdu. Əlləri ilə dizlərini ovxalayırdı. Bir az sonra avtobus gəldi, qoca əlini cibinə saldi, görünür avtobusa verəcəyi yol pulunun çatıb-çatmayacağını yoxlayırdı. Bir neçə qəpik çıxardı, tozlu barmaqları ilə qəpikləri sağa-sola çəkir, hesab aparırdı. Nə isə tərəddüd etdi. Avtobusa minmədi və ayağını çəkərək avtobusun getdiyi istiqamətdə yola davam etdi.
Mən tələbəyəm. Rəssam olmaq istəyirəm. Gələcəkdə ən yaxşı tablolar, mənzərələr, portretlər çəkmək istəyirəm. Bu gün isə zəhmətkeş, fədakar və sanki dünyanın yükü üstündə olan bir insan əsəri gördüm. Həyatda yaşamaq üçün özündən vaz keçən insanla rastlaşdım. Qarşımdakı tabloda yaşına görə edə bilməyəcəyi əziyyətə dözən, ağrıları içində həyatla mübarizə aparan yaşlı bir qoca vardi. Bəlkə də belə deyildi.. Amma ilk təəssüratım bu oldu. Ağlıma gələn isə “Həyat çox qəribədir. Bir tərəfdə toxluqdan hər gün bir paltar dəyişən, bir tərəfdə isə paltarı toz içində bir insan. Bu dünyanin həyat tərəzisi düz çəkmir. Çünki bir gözündə varlıqdan maşın bəyənməyib marka axtaran biri, digərində isə 30 qəpiyi marşruta verməmək üçün piyada gedən yaşlı qoca. Bir fikir dolaşdı başımda, bu dünyadaki insanlar xoşbəxtliyi, kədəri, sevinci, varlığı və kasıblığı eyni cür yaşamır. Birisi ən aşağı, birisi isə ən yuxarı səviyyədə keçirir ömrün günlərini”- fikirləri oldu.
Nə isə... Deyəsən, dostum da çıxıb getmişdi...
Şəfa Yazar,
NDU-nun Jurnalistika üzrə ll kurs tələbəsi