07 aprel 2026 11:01
136

Dövlət sərhədlərimizdə nadir görüntü: bəbir sərhədçilərimiz tərəfindən müşahidə edilib

Azərbaycan Respublikasının dövlət sərhədinin fasiləsiz müşahidəsi zamanı nadir və diqqətçəkən hadisə qeydə alınıb. Sərhəd zolağı boyunca yerləşən ərazilərdən birində Qafqaz bəbiri sərhədçilər tərəfindən müşahidə olunaraq qeydə alınıb.

“İki sahil” xəbər verir ki, sərhədçilərimizin yüksək ayıqlığı və peşəkarlığı nəticəsində əldə edilən bu görüntülər həm təhlükəsizlik, həm də təbiətin qorunması baxımından əlamətdar hadisə kimi qiymətləndirilir. Belə nadir növün məhz Yardımlı rayonunun dağlıq ərazilərində sərhəd zolağı boyunca görünməsi həmin ərazilərdə ekoloji balansın qorunduğunu və insan təsirinin minimum səviyyədə olduğunu göstərir. Bu isə öz növbəsində vəhşi təbiətin, xüsusilə nadir yırtıcıların yaşaması üçün əlverişli mühitin mövcudluğuna işarədir.

Qeyd edək ki, Qafqaz bəbiri Qafqaz regionu üzrə ən nadir və mühafizə olunan yırtıcılardan biri hesab olunur. Onun sayının az olması səbəbilə hər hansı ərazidə qeydə alınması alimlər və ekoloqlar tərəfindən mühüm hadisə kimi dəyərləndirilir.