27 aprel 2022 12:32
1137

Sabahın  24 SAATI...

İnsanın “ömür” deyib yaşadığı zaman illərdən ibarətdir. Çünki o bu dünyanın qonağıdır. Yaşadığı həyatda bir şeyi dərk edir ki, nə vaxtsa gedəcək,  bir gün dünyadan əbədi köçəcək, sahib olduğu nə varsa, onları burada qoyub,  “çayın o biri tərəfinə keçəcək”.  Amma bunları bilə-bilə bəziləri  elə yaşayır ki, sanki heç vaxt getməyəcək. Əksinə, bu dünyada öz yerini bərkitmək üçün çalışır.
Bir gün köçəcək insan-bu danılmaz faktdır. Çünki il dediyimiz  getdikcə, ömrümüz də qısalır. Bir təsəvvür edin, biz deyirik ki, “Yeni il gəldi”. Ya da , “ta nə qaldı ki, ilin təzələnməsinə”, bu sözləri sadəcə cümlə kimi deyirik. Bəs biz bunu dərindən fikirləşirikmi?! Bu sözlərin altında hansı mənalar yatır bilirikmi?! İl gedir, deməli bizim 30 illik ömrümüz varsa, artı gerisayıma başlanır. Biz geri gedirik dünya isə irəli.  Bizim qarşıladığımız hər il əslində, bizdən  ömrü alıb aparır. Bəs bunu biz görürükmü?! Əlbətdə, bəli. Bəs necə?  Gündəlik həyatımızda hər kəsin sevə- sevə, aksesuar kimi işlətdiyi saat adlı məfhum var. Onu gəzdirərkən elə bilirik ki, bizə təkcə saniyəni, dəqiqəni və vaxtın keçdiyini göstərir. Ancaq bu alət, əslində bizə çox şeyi göstərir. Bu alətdən biz işimizi qurtarmaq , hər hansı bir yerə çatmaq, ya da zamanında yatmaq üçün istifadə edirik. Əslində bu bizim görə biləcəyimiz, ancaq görmək istəmədiyimiz həyatı gerçəkliyin mənasını dərindən izah edir.


Hər hansı bir işimiz olur, onu qutarmağa çalışırıq, tələsirik. Öz özümüzə səhərin olmasını gözləyirik. “Bu ay qurtarsa idi..”, “ Bu günü də yola salsaydıq..”, “ ...bir saatdan sonra”,  “ O  birisi il gəlsəydi..”,  biz gündəlik  həyımızda bu sözləri tez-tez işlədirik. Bir cümlədən ibarət  olan və bir saniyəmizi almadan dediyimiz bu sözlər, əslində bizim illərimizi alır. Nə bilmək olar, bəlkə də ömrümüzün son sözləri olur.
Hələ yatan zaman saatlarla yuxuya gedirik və qalxdığımız zaman elə zənn edirik ki, sanki vaxt ötməyib.  “Bir neçə saat yatdım nə olsun ki?”,  əslində  bu saat cərgə ilə düzülmüş kibrit çöplərinin yanıb bir- bir sönməsinə bənzəyir. Yəni saat gedir, bəlkə bu ömrümüzün bir ilinin sonu, digərinin  başlanğıcıdır.  Bizim, saat nədir,  dediyimiz şey, son nəfəsimizin dəqiqələri, hətta saniyələri ola bilər. Bəzən böyümək üçün tələsirik. Amma bilmirik ki bu bizim ömrümüzün sonları olar. Yaxud da sevdiyimiz gəncliyin sonu qocalıqdır! 
Bilirsinizmi?!  Bunları bizə hər gün, hər saniyə, vaxtın keçməsinə baxdığımız  SAAT xatırladır. Bizim sevdiyimiz bu alət bizə ömrümüzdən, saniyəni dəqiqələrə, dəqiqələri saata, saatları günlərə, günləri həftələrə, həftələri aylara, ayların  da illərə keçdiyinin göstəricisidir. Ömrümüzün necə gözümüz baxa-baxa, hətta sevinərək keçdiyini o alət bizə izlədir. Saatın saniyə əqrəbi yavaş- yavaş hərəkət edərək, “tık-tık” səs salması, bizim də ömrümüzün sona doğru, addım- addım getdiyimizi göstərir. O əqrəb  günün tamam olmasına getdiyi kimi, biz də  ömrümüzün tamam olmasına doğru  gedirik. Bəzən aram - aram, bəzən isə  tez- tez.
Saat bizi əcələ təslim edən, bizi onunla yola salan və yenidən sıfırdan başlayan, cansız olsa da çox şeyi bildirən nəsnədir. Vaxtımızı onunla birgə keçirir, amma bizi illərə məhkum edir. On iki rəqəmdən ibarət bir ilin on iki ayı kimidir. Ancaq önə gedir. Keçmişinə baxmır belə. Kaş onun əqrəbini geri qaytara bilsək! Saat insanın ölənə kimi yanında olan, dostu və eyni zamanda onun əleyhinə işləyən düşməndir. Onun bizi nə vaxt ölümə tərk etməsini bilsəydik nə edərdik? Qorxardıq?! Günahlarımıza baxardıq?! Yoxsa nələri isə düzəltməyə  çalışardıq?! Yox ee.....insan ürəyi bunu qaldıracaq gücə sahib deyildir!
Beləsi daha maraqlıdır. Yaxşı ki, nə vaxt öləcəyimizi, nəyin nə vaxt olacağını bilmirik. Yoxsa saat qarşımızda, əlimizdə qələm, vərəq dəqiqələri hesablayardıq. İndi səhərin açılmağını arzuladığımız vaxt kimi onda heç səhərin olmasını istəməzdik. Bunları bilməmək- elə həyatın marağı burdadır. Heç nədən xəbərsiz yaşayırıq.
Dünya bizə hazırlanan sürpriz qutusudur sanki. Biz yaranandan son mənzilə kimi kiçikdən -böyüyə, gözəldən -çirkinə düzülüb.  Biz isə onu aça -aça  sona, qutuya doğru gedirik. Son qutu isə boş olur. Biz orada qalmaq məcburiyyətində oluruq, çünki geri qayıtmaq kimi bir şansımız yoxdur. 
Vaxtımızın qədrini bilək! Onu boşuna keçirmək üçün çalışmayaq! Onsuz da bizdən asılı olmadan  o gedəcək. Yalvarsaq belə duran deyil. Onu necə keçirəcəyimiz bizdən asılıdır. 24 saatı son gün kimi düşünək və çox şey etməyə çalışaq. Çünki sabahkı  24 saat olmaya bilər!

ŞƏFA YAZAR( SƏFƏROVA), 
NDU, 2-ci kurs tələbəsi