"Met Gala" sadəcə "ulduzların paradı" olan möhtəşəm dünyəvi şənlik, eyni gündə bir çox insanın qeyri-adi geyimlərdə qırmızı xalça üzərində “toplanması” deyil, həm də hər il keçirilən xeyriyyə gecəsidir.
Yəqin ki, internetdə pop kraliça Rihannanı çinli dizayner Quo Peinin yaratdığı qeyri-adi qızılı rəngdə xalatda görmüsünüz. Və ya "Versace"dən geyinən zərif Hadid bacılarını. Hər "Met Gala" gecəsindən sonra sosial şəbəkədə tədbirdə iştirak etmiş məşhur insanların yüzlərlə fotoşəkili yerləşdirilir.
"Met Gala"nı həqiqətdən də çoxları səbirsizliklə gözləyir: gecənin qonaqlarından, fotoqraflardan və jurnalistlərdən tutmuş moda dünyası ilə maraqlanan sadə insanlara qədər. Bu tədbirin bu qədər populyar olmasının səbəbi nədir?
1995-ci ildən tədbirin təşkilatçılığını Anna Vintur edib. O, əvvəllər sırf yerli tədbir olan bu ziyafəti irimiqyaslı və inanılmaz dərəcədə cəlbedici bir olaya çevirə bilib. Onun tərəfindən həyata keçən əsas ideyalar qırmızı xalça və tədbirin yayımı idi. Əvvəllər olduğu kimi, "Met Gala"nın əsas məqsədi xeyriyyəçilik üçün vəsait toplamaqdır. Ona görə də sponsorlara xüsusi diqqət yetirilir, hansılar ki bununla öz şirkətlərinin imicini formalaşdırırlar. Ziyafətin məşhur simaları sadəcə yemək yeyib, ünsiyyət qurmurlar. Hər il onlar parlaq çıxışları ilə diqqətləri üzərlərinə cəmləməyi bacarırlar. Məsələn, ötən illərdə "Met Gala"da Rihanna, Ledi Qaqa, Madonna və başqaları öz musiqi nömrələrini nümayiş etdiriblər.
Nərmin Nərimanova