"İki sahil"in müsahibi Milli Məclisin deputatı Cavid Osmanovdur
- Cavid müəllim, Brüssel görüşü sonrası səsləndirilən Bəyanatda əksini tapan mühüm məsələlər barədə fikirlərinizi öyrənmək istərdik...
- Xüsusi qeyd etmək isəyirəm ki, 6 aprel tarixində Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutmuş üçtərəfli görüş və görüşdən sonra nəticələrinə dair Avropa İttifaqı tərəfindən səsləndirilən Bəyanat birmənalı olaraq ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti diplomatik qələbəsi ilə yekunlaşdı. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbəliyi ilə əldə etdiyimiz tarixi Qələbəmizdən sonra Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh müqaviləsi imzalanması haqqında çağırışlar etmişdir. Eyni zamanda sərhədlərin delimitasiyası və demarkasiyası, etimad mühitinin yaradılması, kommunikasiyaların və nəqliyyat dəhlizinin açılması və digər məsələlərə biz xüsusi həssaslıqla yanaşmışıq. Müharibə 10 noyabr Bəyanatının imzalanması ilə başa çatdı və bundan sonra Azərbaycan və Ermənistan rəhbərləri ötən il Moskvada, Soçidə, Brüsseldə həlli yarımçıq qalmış məsələləri müzakirə etmək üçün görüşdülər. Azərbaycan bölgədə sülhün bərqərar olması üçün dəfələrlə beynəlxalq ictimaiyyət qarşısında çağırışlar etmişdir. Dekabr ayında baş tutmuş üçtərəfli görüşdən bu günümüzə qədər olan dövrə nəzər saldıqda biz gördük ki, Azərbaycan ilə Avropa İttifaqı arasında təmaslar daha da intensivləşib. Son Brüssel görüşünün Bəyanatında səsləndirilən fikirlər arasında ən mühüm olanı iki ölkənin xarici işlər nazirləri tərəfindən hazırlanmasına qərar verilən sülh müqaviləsi idi. Bu vacib bir məqamdır. Biz unutmamalıyıq ki, Azərbaycanın burada eyni zamanda ərazi bütövlüyü məsələsi də öz əksini tapmış oldu. Digər bir məsələ sərhədlərin delimitasiya və demarkasiyası məsələsi idi ki, bu da bizim üçün mühüm vəzifələrdən biridir. Son bir il yarım ərzində Ermənistan tərəfindən törədilən təxribatların qarşısının alınması istiqamətində ən vacib addımlardan biri sərhədlərin müəyyənləşməsi məsələsidir. Digər mühüm məsələ 10 noyabr üçtərəfli Bəyanatının bəndlərinin icrası ilə bağlıdır. Biz ötən zamana nəzər salanda görürük ki, Ermənistan tərəfi sözügedən Bəyanatın bütün şərtlərini tam şəkildə icra etmir. Məlumdur ki, Bəyanatın 4-cü bəndi Ermənistan hökuməti tərəfindən tamamilə icra olunmamışdır. Erməni terrorçu dəstələri hələ də Qarabağda qalmaqda davam edirlər. Reallaşdırılmalayan bir digər məsələ kommunikasiya əlaqələrinin qurulması ilə bağlıdır ki, bu da hələ də öz həllini gözləyir. Son Brüssel görüşündən sonra səsləndirilən Bəyanatda bu bir daha öz əksini tapdı ki, 10 noyabr Bəyanaının şərtlərinin tam olaraq yerinə yeirilməsi zəruridir. Zaman Ermənistanın əleyhinə işləyir. Cənab Prezident də yerli telekanallara verdiyi müsahibəsində bildirmişdi ki, sülh müqaviləsinin imzalanması ən çox Ermənistana lazımdır. Çünki Azərbaycan regionda bir çox meqalayihələrə imza atmağa davam edir. İstər neft-qaz, istər enerji, istərsə də nəqliyyat və kommunikasiya layihələrini icra edən Azərbaycan öz sözünü dünyada deməyə davam edir. Bu qədər böyük işlərdən isə Ermənistan kənarda qalır.
- Brüssel Bəyanatına diqqət yetirdikdə burada “Dağlıq Qarabağ” adlı qondarma qurum haqqında heç bir fikrin səslənmədiyini görürük. Ermənistan artıq bu reallıqla barışıbmı?
- Ermənistan buna məcbur oldu. 44 günlük Vətən müharibəsində hərb meydanında qazandığımız uğuru biz bu gün diplomatik masalarda da əldə edirik. “Dağlıq Qarabağ” müəyyən güc mərkəzlərinin siyasi məqsədlər üçün yaratdıqları bir ifadə idi. Ölkə başçısı İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə yeni- Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması barədə imzaladığı Fərman ilə bütün dünyaya məlum oldu ki, Azərbaycan daxilində “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Ermənistanın növbəti iflasa uğradığı məsələ isə status ilə bağlıdır ki, cənab Prezidentin bu məsələ ilə bağlı qətiyyətli fikri hər kəsə bəllidir.
- Cavid müəllim, Ermənistan həqiqətən sülh istəyir?
- Burada bir məsələ var ki, erməni xalqı ayrı, Ermənistan hökuməti ayrı düşüncədədirlər. 5 aprel tarixində Brüssel görüşündın bir gün əvvəl Ermənistanda keçmiş xunta rejiminin rəhbərlik etdikləri müxalifət qrupları mitinq keçirdilər. Bu günkü Nikol Paşinyan hakimiyyətinin o mitinqdə əli olmasa da, keçirilməsinə də qarşı deyildilər. Çünki istər keçmiş xunta rejimi rəhbərləri, istərsə də hazırkı erməni rəhbərliyi heç vaxt müstəqil siyasət yürütməyiblər. Ermənistanın özünə nəzər salsaq görərik ki, Sovetlər birliyi dağıldıqdan sonra onlar elə ölkə olaraq qaldılar, dövlət qura bilmədilər. Ermənistanın heç bir dövlətçilik ənənənələri yoxdur. Ermənistanı hər zaman erməni lobbiləri və diasporları idarə ediblər. İşğalçı ölkənin bu günkü demoqrafik göstəricilərinə baxanda görürük ki, erməni xalqı hər ötən gün öz ölkələrini tərk etməyə davam edirlər. Çünki Ermənistanda xüsusilə 44 günlük müharibədən sonra hər sahədə dərin böhran yaşanır və dərinləşməyə davam edir. Bütün bunların fonunda deyə bilərəm ki, Ermənistanda hələ də revanşıst ritorika ilə çıxış edən qüvvələr var. Onların sərhədboyu ərazilərdə törtdikləri təxribatlar, onlarla dezinformasiyaları yaymağı bunları deməyə əsas verir. Amma düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması birbaşa erməni xalqı üçün vacibdir. Onların həyat şəraitinin yaxşılaşması üçün bu vacib bir məqamdır. Ancaq Ermənistan hökuməti nə qədər qeyri-konstruktiv addımlar atmağa davam etsə, bu, onları daha rəzil duruma gətirib çıxaracaqdır.
- İki ölkə arasında sülh müqaviləsi imzalanacağı təqdirdə Ermənistanın havadarlarına hansı mesajlar çatacaq?
- Brüssel görüşü sonrası imzalanan Bəyanat birmənalı olaraq Azərbaycanın milli maraqlarına xidmət edir. Azərbaycan uzun illərdir cənab Prezidentin rəhbərliyi milli maraqlara söykənən, müstəqil siyasət yürüdən ölkədir. Təbii ki, biz erməni lobbisini dəstəkləyən, onlara xidmət edən təşkilatların, dövlətlərin təzyiqlərinə zaman-zaman məruz qalmışıq. Bu gün də Azərbaycana qarşı böyük informasiya savaşı aparılır. Azərbaycanın dünyada artan nüfuzu erməni lobbisini və müəyyən güc mərkəzlərini çox ciddi narahat edir. Amma Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü siyasət erməni təxribatlarının hər birini iflasa uğratmaqdadır. Ölkəmizdə formalaşan xalq-iqtidar birliyi siyasi sabitliyimizin əsasında dayanır. Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük inamı və etimadı var. Digər bir tərəfdən ölkə başçısının beynəlxalq münasibətlər sistemində qurduğu xarici siyasət nəticəsində Azərbaycan artıq dünyada söz sahibi olan ölkəyə çevrilmişdir. Böyük ölkələrin rəhbərləri Azərbaycanla məsləhətləşir və ən əsası razılaşırlar. Ölkəmizin irəli sürdüyü təşəbbüslər dünya dövlətləri tərəfindən dəstəklənir və həyata keçirilir. Bütün bunlar antiazərbaycan qüvvələrinin arzularını ürəklərində qoyur.
Nilufər Mustafaqızı, “İki sahil”