Bu yazıda sizə dünyanın ən maraqlı və ecazkar mağaraları haqqında topladığımız məlumatları təqdim edirik.
"Eisriesenwelt" buz mağarası
Avstriyadakı Eisriesenwelt mağarası, demək olar ki, 50 km uzunluğunda olan dünyanın ən böyük buz mağarasıdır. Adı “Nəhəng buzlar dünyası” kimi tərcümə olunur. 1879-cu ildə təbiətşünası Anton Posselt tərəfindən kəşf edilib. Bu mağara bir-birinə bağlı bir çox otaq və keçidlərdən ibarətdir. Bu da öz növbəsində havanın tənzinlənməsinə imkan verir. Mağaradakı buzların rəngarəngliyi əsasən onların tərkibinə daxil olan fərqli mineral maddələr ilə bağlıdır.Məşhur buz mağarasına daxil olan turistlərə mütləq fənərlər verilir. Mağaranın yalnız bir hissəsi insanlara açıqdır, digər hissəsi təhlükəli olduğundan,bura daxil olmaq qadağandır.
"Fingal" mağarası
Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn" Fingal" mağarası. Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir.
Mağara XVIII əsrdə aşkar olunub. Təbiətşünas ser Cozef Benks ilk dəfə mağara haqqında məlumat verdi. Benk və onun komandası 1743-1820 illərdə dəfələrlə adada olmuş, adanı tədqiq etmiş və bu mağara ilə yanaşı digər mağaraları da kəşf etmişlər. Adanın rəsmi kəşf olunma tarixi 1772-ci il hesab olunur. Finqal mağarası lava axınları zamanı formalaşan bazalt sütunlarından ibarətdir. Mağaranın girişi yetərincə böyük və tağ formasındadır.Burada ancaq qayıq ilə hərəkət etmək mümkündür. Mağaraya aprel- sentyabr ayaları arasında turist marşurutları təşkil olunur."
"Grotto Azzura" mağarası
"Grotto Azzura" ya Mavi mağara İtaliyanın Kapri adasının şimal sahilində yerləşir. Onun uzunluğu 56 m, eni isə 30 m-dir. Mavi mağaranın tək girişi vardır ki, orada yalnız qayıqla daxil olmaq olar.Fırtınalı havada mağaraya daxil olmaq təhlükəli sayılır. Mağaranı dəniz suyu basdığından , girişindən içəri düşən günəş şüaları xüsusi bir mavi parıltı yaradır və məhz buna görə bura "mavi mağara" adlandırılmışdır. Mağara Kapri adasının əsas simvolu sayılır. Bu günədək ona baş çəkən turistlərin ardı, arası, kəsilmir. Mağara Qədim Roma dövründə kəşf olunsa da, 1826 cı ildə alman yazıçı və şairi Avqust Kopiş tərəfindən demək olar ki, yenidən aşkarlanmışdır.
"Wisteria" tuneli
Tokyoda yerləşən "Kawachi Fuji" bağı inanılmaz dərəcədə gözəl bir yerdir. Bağın ən gözəl yeri isə "Wisteria" tunelidir. Burada bənövşəyi, ağ, mavi rənglərdə olan azı 20 növdə olan 150-ə yaxın bitki var. Bu rəngarəng bağı ziyarət etmək üçün ən yaxşı vaxt aprel ayının sonundan may ayının ortalarına qədərdir. Buranın çiçəkləmə mövsümü əsasən aprel ayının sonuna təsadüf edir.
"Ordinskaya" mağarası
"Ordinskaya" mağarası Rusiyada yerləşir və dünyada ən uzun sualtı mağarası kimi tanınmaqdadır.Uzunluğu demək olar ki, 5 kilometrdir. Mağaradakı su o qədər təmiz və şəffafdır ki, suya daxil olan dalğıclar 45 m-ə qədər məsafəni görə bilərlər.
Lakin qeyd edək ki, Ordinskaya mağarası turistlərin gəzməyi üçün uyğun bir yer deyil,çünki buranın kiçik keçidlər və otaqları hələ də yaxşı araşdırılmayıb. Həmçinin burada su həmişə çox soyuq olur.
"Waitomo" mağarası
"Waimoto" Yeni Zelandiyanın Şimal Adasının Vaykato bölgəsində yerləşir. "Waitomo," Maori sözü olub “wai” su, “tomo” oyuq, mədən, quyu deməkdir. Bu mağaranın ilk araşdıran insanlar maorili Tane Tinoraunun rəhbərliyi ilə ingilis Fred Meys və Laurens Kasn oldular.
"Waimoto" mağarasının digər adı "Fireflies"dır. Bu təbii fenomenin turistləri heyran qoymasının səbəbi isə mağaranın divarlarını əhatə edən kiçik atəşböcəkləridir. Minlərlə kiçik nöqtənin titrəməsi göy üzündə ulduzların sayrışmasına bənzəyir. Ona görə də buranı Vaytamonun “ulduzlu səması” adlandırırlar. "Glowworm" adında kiçik həşərat süfrələri mağaranı öz evləri kimi sahiblənmişdir. Əslində bu süfrələrin adı " Arachnocampa luminosa"dır. Mənası “işıq saçan” deməkdir. "Waimoto"mağarasına baş çəkmək istəyirsinsə əvvəlcə kəndirlə mağaraya enməli daha sonra isə qayıqla bu ecazkar gözəlliyi seyr etməlisiniz.
"Müqəddəs Paul"un yeraltı çayı
"Müqəddəs Paul" yeraltı çayı adlanan Filippinin Palavandaki yeraltı çayı 1971-ci ildə Milli Park elan edildi. Bu çay birbaşa dənizə axır və axarkən dünyanın ən gözəl əhəngdaşı formasiyalarını ehtiva edən bir mağaradan keçir. Bu formasiyalardan bəziləri heyvanlara, göbələklərə və ya insanlara bənzəyir. 28 yanvar 2012-ci ildə yeraltı çay yeni Təbiətin Yeddi Möcüzəsindən biri adlandırıldı. Çayın yalnız 4 kilometri turistlər üçün əlçatandır.
"Lubang Nasib Bagus" mağarası
"Lubang Nasib Bagus" və ya "Luck Mağarası" , dünyanın ən böyük mağarası kimi məşhurdur. Borneodakı "Gunung Mulu" Milli Parkında yerləşir.Bu mağaranın tavanının hündürlüyü 100 metr, maksimum ölçüləri isə təxminən 700 x 400 metr-dir. Mağara o qədər böyükdür ki, səkkiz reaktiv təyyarə və 7500 sərnişin avtobusu sığacaqdır. Bu mağara beş milyon il əvvəl axan suyun təsiri altında yaranmışdı. Bu mağaranın yanında yerləşən digər mağaralar isə Küləklər mağarası və Xoşbəxtlik mağarasıdır.
"Krubera" mağarası
Qarğa mağarası da adlandırılan "Krubera" mağarası, 2001-ci ildə dünyanın ən dərin mağarası seçildi. 2004-cü ilin oktyabrında elm adamları onun dərinliyini 2080 metr olaraq qiymətləndirdilər. Mağara Abxaziya Respublikasında yerləşir.
Burada 300 metrdən çox dərinlikdə əvvəllər heç yerdə olmayan bəzi saxta əqrəblər, parazit qurdlar və şəffaf balıqlar aşkar olundu.Onlar burada təxminən sıfır dərəcə su temperaturunda yaşayırlar.
Samirə Tağıyeva, "İki sahil"