UNICEF-dən narahatedici hesabat
Ev tapşırıqları üçün istifadə olunan süni intellekt tətbiqləri uşaqların gündəlik həyatında getdikcə daha geniş yer tutur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, davamlı müsbət rəy verən bu sistemlər zamanla uşaqlarda emosional bağlılıq yarada bilər.
Təhsil və uşaq psixologiyası sahəsində çalışan mütəxəssislərin fikrincə, xüsusilə özünü tənha hiss edən və ya sosial münasibətlər qurmaqda çətinlik yaşayan uşaqlar süni intellekti “məni anlayan bir kəs” kimi qəbul etməyə başlaya bilərlər. Süni intellekt tətbiqlərinin daim motivasiyaedici cavablar verməsi, tənqid etməməsi və hər suala səbrli yanaşması uşaqlarda rahatlıq hissini gücləndirir. Bildirilir ki, proses adətən sadə şəkildə başlayır. Uşaqlar əvvəlcə anlamadığı tapşırıq üçün süni intellektə müraciət edirlər, daha sonra isə söhbət gündəlik mövzulara keçir. Bəzi uşaqların çatbotlarla emosional ünsiyyət qurduğu, onlara ad verdiyi və gündəlik hisslərini paylaşdığı qeyd olunur.
ABŞ-da fəaliyyət göstərən “Pew Research Center” tərəfindən aparılan araşdırma göstərir ki, gənclərin əhəmiyyətli hissəsi süni intellektdən yalnız dərs tapşırıqlarını həll etmək məqsədilə deyil, gündəlik ünsiyyət vasitəsi kimi də istifadə edir. Mütəxəssislər hesab edirlər ki, davamlı müsbət reaksiyalar uşaqlarda “rəqəmsal təsdiq asılılığı” yarada bilər. Xüsusilə sosial əhatəsi zəif olan uşaqlarda bu bağlılığın daha sürətli formalaşdığı vurğulanır.
UNICEF də yayımladığı hesabatda kiçik yaş qrupları üçün insanla süni intellekt arasındakı fərqin zəifləyə biləcəyi barədə xəbərdarlıq edib. Qurum bildirir ki, uşaqların süni intellekti dost kimi qəbul etməsi real sosial münasibətlərə mənfi təsir göstərə bilər. Bununla yanaşı, mütəxəssislər süni intellektin tam qadağan edilməsinin doğru yanaşma olmadığını düşünürlər. Onların fikrincə, düzgün istifadə edildikdə bu texnologiyalar uşaqların öyrənmə prosesinə müsbət təsir göstərə, araşdırma aparmaq və fərdi çalışma bacarıqlarını inkişaf etdirmək üçün faydalı vasitəyə çevrilə bilər.
Valideynlərə isə uşaqların ekran qarşısında keçirdiyi vaxta nəzarət etmək, sosial münasibətlərini və bacarıqlarını gücləndirmək və süni intellektin real insan deyil, rəqəmsal vasitə olduğunu izah etmək tövsiyə olunur.
Şahnigar Əhmədova, “İki sahil”