13 may 2026 11:00
209

”Aztelekom”un hədəfi: Ölkədə telekommunikasiya və rəqəmsal xidmətlərin inkişafını daha da sürətləndirilməlidir

Əsas prioritet istiqamətlər fiber-optik şəbəkənin genişləndirilməsi, yüksəksürətli internet xidmətlərinin daha geniş əraziləri əhatə etməsi və artan internet trafikinin effektiv idarə olunmasıdır

Rəqəmsal transformasiya dövründə telekommunikasiya sektoru ölkənin inkişafında mühüm rol oynayır. AZCON Holding şirkətlərindən olan “Aztelekom” MMC bu prosesin əsas iştirakçılarından biri kimi ölkədə rəqəmsal infrastrukturun gücləndirilməsi və müasir xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir. Şirkət innovativ texnologiyaların tətbiqi ilə yüksəksürətli və dayanıqlı internet şəbəkələrinin qurulmasını, xidmət keyfiyyətinin artırılmasını və müştəri məmnuniyyətinin təmin edilməsini prioritet kimi müəyyən edib. Eyni zamanda, yeni xidmətlərin bazara təqdimində müasir və çevik yanaşmalardan istifadə olunur. “Aztelekom” startap ekosisteminin inkişafına dəstək verir, beynəlxalq tərəfdaşlıqlar vasitəsilə qabaqcıl təcrübələri ölkəyə gətirir və telekommunikasiya sahəsində innovativ həllərin tətbiqini genişləndirir. Qarşıdakı dövrdə əsas hədəf rəqəmsal xidmətlərin daha da inkişaf etdirilməsi və ölkənin rəqəmsal transformasiyasına töhfənin artırılmasıdır.

“Aztelekom” MMC-yə ölkədə rəqəmsal transformasiya, innovativ texnologiyalar, müştəri məmnuniyyəti, yeni xidmətlərin tətbiqi, startapların dəstəklənməsi və beynəlxalq əməkdaşlıq istiqamətləri ilə bağlı sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda rəqəmsal transformasiyaya töhfə verən əsas texnoloji tərəfdaşlardan biri olaraq “Aztelekom” ölkə üzrə müasir telekommunikasiya infrastrukturunun inkişafında böyük rol oynayır. Bu istiqamətdə həyata keçirilən ən mühüm təşəbbüslərdən biri dövlət-özəl tərəfdaşlığı əsasında reallaşdırılmış “Onlayn Azərbaycan” layihəsidir. “Aztelekom” layihənin əsas operatorlarından olub və ölkə üzrə fiber-optik şəbəkənin genişləndirilməsi, GPON (Qiqabit Tutumlu Passiv Optik Şəbəkə) texnologiyasının tətbiqini həyata keçirib. Nəticədə minlərlə yaşayış məntəqəsində 3 milyona yaxın ev təsərrüfatının və biznes subyektlərinin üçün yüksəksürətli internetə çıxış təmin olunub. 

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə müasir telekommunikasiya infrastrukturunun qurulması və rabitə xidmətlərinin təmin edilməsi istiqamətində də işlər aparılır. Bu layihələr ölkədə rəqəmsal xidmətlərin əlçatanlığını artıraraq rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir.

Qeyd olunub ki, “Aztelekom” şəbəkə infrastrukturunun inkişafında qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkətin telekommunikasiya infrastrukturu “Cisco”, “Nokia” və “Huawei” kimi qlobal texnologiya istehsalçılarının həlləri əsasında qurulur və inkişaf etdirilir.

İstifadəçilərə daha sürətli və stabil internet xidmətlərinin təqdim olunması məqsədilə “Aztelekom” şəbəkəsində “Google Global Cache”, “Facebook Network Appliance”, “Netflix Open Connect”, “Akamai”, “Cloudflare” və digər qlobal kontent provayderlərinin Məzmun Çatdırılma Şəbəkəsi (CDN) yerləşdirilib. Bu da kontentin daha sürətli və stabil şəkildə istifadəçilərə çatdırılmasına imkan yaradır.

Gələcək planlar çərçivəsində 10G və 50G PON texnologiyalarının tətbiqi, müasir OSS/BSS (Əməliyyatlara və Biznesə dəstək sistemləri) platformalarının qurulması və yeni rəqəmsal əlavə dəyər xidmətlərinin inkişafı nəzərdə tutulur.

Qurumdan verilən məlumatda o da diqqətə çatdırılıb ki, müştəri məmnuniyyəti “Aztelekom”un fəaliyyətində prioritet istiqamətlərdən biridir. Bu məqsədlə şirkət şəbəkə infrastrukturunun modernləşdirilməsi və xidmət keyfiyyətinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirir.

Ərazilərdə fiber-optik şəbəkənin olması daha stabil və yüksəksürətli internet xidmətinin təqdim edilməsinə imkan yaradır.

Eyni zamanda, müraciətlərin daha operativ həlli üçün Çağrı mərkəzi və icraçı bölmələrin fəaliyyəti təkmilləşdirilir, daxil olan sorğuların icrasına nəzarət gücləndirilir.

Son illərdə həyata keçirilən layihələr nəticəsində abonentlərə təqdim olunan internet xidmətlərinin orta sürət göstəricisi təxminən 100 Mbit/san səviyyəsinə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Aztelekom” bazarın və abonentlərin dəyişən ehtiyaclarını davamlı olaraq analiz edir. Müştəri davranışları, istifadə statistikası və bazar tendensiyaları mütəmadi şəkildə təhlil olunur, əldə edilən nəticələr əsasında xidmət portfeli təkmilləşdirilir.

Bu prosesdə müasir OSS/BSS sistemləri mühüm rol oynayır və xidmətlərin daha çevik şəkildə idarə olunmasına imkan yaradır. Eyni zamanda, yüksəksürətli internet paketləri, IPTV xidmətləri və digər əlavə dəyər xidmətləri abonentlərin artan rəqəmsal tələblərinə uyğun olaraq bazara təqdim edilir.

 

Qurumdan verilən məlumata görə, “Aztelekom” innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin inkişafı istiqamətində qlobal texnologiya şirkətləri ilə əməkdaşlıq edir. Aparıcı texnologiya istehsalçıları ilə qurulan tərəfdaşlıqlar şirkətin şəbəkə infrastrukturunun modernləşdirilməsinə və yeni texnologiyaların tətbiqinə daha geniş imkan yaradır. Bununla yanaşı, “Aztelekom” infrastrukturu üzərində yerləşdirilən beynəlxalq kontent platformaları ölkədə rəqəmsal xidmətlərin inkişafına və texnoloji ekosistemin genişlənməsinə də töhfə verir.

Həmçinin bildirilib ki, “Aztelekom” beynəlxalq telekommunikasiya bazarında əməkdaşlıq şəbəkəsini genişləndirərək qlobal internet infrastrukturu ilə inteqrasiyanı gücləndirir. Şirkət beynəlxalq internet trafikinin ötürülməsi üçün böyük beynəlxalq operatorlarla birbaşa əlaqələrə malikdir.

Bu əməkdaşlıqlar magistral internet kanallarının dayanıqlılığını və ötürmə qabiliyyətini artırmağa, həmçinin istifadəçilərə daha stabil və keyfiyyətli internet xidmətləri təqdim etməyə imkan yaradır.

Gələcəklə bağlı hədəflərə gəlincə isə qeyd olunub ki, “Aztelekom” qarşıdakı dövrdə ölkədə telekommunikasiya və rəqəmsal xidmətlərin inkişafını daha da sürətləndirməyi hədəfləyir. Əsas prioritet istiqamətlər fiber-optik şəbəkənin genişləndirilməsi, yüksəksürətli internet xidmətlərinin daha geniş əraziləri əhatə etməsi və artan internet trafikinin effektiv idarə olunmasıdır.

Eyni zamanda,  10G və 50G PON texnologiyalarının tətbiqi, müasir OSS/BSS platformalarının qurulması, əlavə dəyər xidmətlərinin genişləndirilməsi və abonentlər üçün təqdim olunan internet xidmətlərinin orta sürət göstəricisinin yaxın illərdə təxminən 200 Mbit/san səviyyəsinə çatdırılması strateji inkişaf planlarının əsas istiqamətlərini təşkil edir.

Yaqut Ağaşahqızı, “İki sahil”