"Christie's" italyan kino ikonası Klaudiya Kardinalenin zərgərlik kolleksiyasının satışını elan edib. Aktrisanın həyatı boyu topladığı təxminən 20 əşya 19-26 iyun tarixlərində Parisdəki Joaillerie hərrac evində onlayn hərraca çıxarılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Kolleksiyanın əsas lotları iri kaboşon daşlarla bəzədilmiş üç məşhur "Bvlgari" üzüyü olacaq. Məhz bu üzüklərlə Kardinale 1971-ci ildə “Les Pétroleuses” filminin ön nümayişində Brigitte Bardot ilə birlikdə çəkilmiş məşhur fotosunda görüntülənmişdi. Zümrüd qaşlı üzüyün ilkin qiymətləndirilməsi 60–80 min avro, 30 karatlıq yaqut qaşlı üzüyün 80–100 min avro, ulduzvari sapfirli üzüyün isə 50–80 min avro təşkil edir.
Digər diqqətçəkən lotlar arasında mina və sapfirlərlə işlənmiş qızıl Bvlgari Serpenti qol saatı-brasleti (150–250 min avro) və "Buccellati" kəpənək broşu da var.
Hərracdan əldə olunan gəlirin bir hissəsi Claudia Cardinale Foundation fonduna yönəldiləcək. Aktrisanın qızı ilə birlikdə yaratdığı bu fond ekoloji məsuliyyət prinsiplərinə əsaslanan mədəni layihələr vasitəsilə qadın rəssam və sənətçiləri dəstəkləyir.