Yubileylər ömür karvanının bir-birindən fərqli dayanacaqlarına bənzəyir. Yubilyar hər dayanacaqda arxada qalan yola nəzər salır, bu gününün sevincini, göy qurşağı qədər əsrarəngiz görünən gələcək günlərinin ümidini yaşayır. AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktor müavini, kimya elmləri doktoru Bayram Rzayev də ömür qatarının 80-cı dayanacağını mənalı həyatının və gərgin əməyinin təntənəsi ilə, şərəflə qarşılayıb ömrünün müdriklik zirvəsini, 80 illik yubileyini qeyd edir.
Bayram Zülfiqar oğlu Rzayev 1941-ci il mart ayının 21-də Naxçıvanın Kültəpə kəndində əməkçi ailəsində anadan olmuşdur. 1958-ci ildə orta məktəbi əla qiymətlərlə bitirən Bayram Rzayev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya-biologiya fakultəsinə daxil olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Bayram müəllim hələ tələbəlik illərindən Tələbə Elmi Cəmiyyətində elmə böyük maraq göstərmiş, elmi layihələrin yerinə yetirilməsində yaxından iştirak etmişdir. 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi Fiziki Kimya İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1967-ci ildə müvəffəqiyyətlə “Palladiumun ammonium-tetra rodano-diammonixromatla miqdari təyini” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. İstər aspiranturada oxuduğu dövrdə, istərsə də institutda çalışdığı müddətdə Bayram müəllim hərtərəfli biliyə malik olmaqla milli və mənəvi dəyərlərin mütərəqqi cəhətlərini üzvi şəkildə əlaqələndirmiş, çalışdığı elm ocağının ictimai-siyasi həyatında yaxından iştirak etmişdir. Tale elə gətirib ki, mən də Bayram müəllimin çalışdığı “Analitik kimya” laboratoriyasında aspirant kimi işə başlamış, laboratoriya əməkdaşlarının Bayram müəllim haqqında dedikləri xoş və qürurverici sözlərin şahidi olmuşam.
Bayram Rzayev 1972-ci ildən Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvan Elm Mərkəzində direktor müavini kimi işə başlamış və elmi mərkəzin formalaşmasında və fəaliyyətində böyük rol oynamışdır. Hərtərəfli elmi potensiala malik olan Bayram müəllimin yaradıcılığında fundamental və humanitar elmlərin vəhdəti, elmi araşdırmaların təcrübəyə tətbiqi sahələrində praqmatik qabiliyyət nümayiş etdirir, bu gün də çoxillik məhsuldar yaradıcı fəaliyyəti ilə bu amilləri yüksək səviyyədə davam etdirir. Həmişə ali vətəndaşlıq mövqeyindən çıxış edən Bayram Rzayev uzun illər elmi mərkəzin partiya təşkilat katibi və Naxçıvan şəhər Bilik Cəmiyyətinin sədri olmuş, muxtar respublikanın ictimai-siyasi həyatında yaxından iştirak etmişdir.
2003-cü ildən AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktor müavini və “Mineral xammalın kimyası və texnologiyası” laboratoriyasına rəhbəri vəzifələrində çalışan Bayram müəllimin rəhbərliyi ilə muxtar respublikanın mineral sərvətləri, o cümlədən Parağaçay molibdenit filizindən bir sıra üçlü birləşmələrin, Darıdağ antipiqment və antimonit filizlərindən arsen və sürmənin bir sıra birləşmələrinin, daş duzdan tibbi natrium xloridin, mərmərdən tibbi kalsium xloridin alınma texnologiyaları işlənmiş və aparılan işlər üzrə patentlər alınmışdır.
Bayram Rzayev 2005-ci ildə “Arsen və sürmənin oksid, sulfid, selenidlərinin və bir sıra tiobirləşmələrinin yeni alınma metodlarının işlənməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. Bayram Rzayevin elmi araşdırmalarının nəticələri 200-dən çox elmi əsərdə, o cümlədən 18 müəlliflik şəhadətnaməsi və patentdə, 35 monoqrafiya və kitabda, 1 qrant layihəsində öz əksini tapmışdır. O, həmçinin 60-dan çox elmi populyar məqalənin müəllifidir.
Bayram müəllimə məxsus elmi nəzəri tədqiqatlar öz orijinallığı, praktiki əhəmiyyəti və yeniliyi ilə seçilir. Ömrünün 55 ilini kimya elminin inkişafına həsr etmiş alim, bu elmin analitik xüsusiyyətlərinin ən incə nüanslarının bilicisi, daha doğrusu kimya elminin fədaisidir. Elmi fəaliyyəti dövründə mineral xammalın kimyası və texnologiyası sahəsində əldə etdiyi fundamental nəticələr Bayram Rzayevi təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaq ölkələrdə (Rusiya, Türkiyə, Gürcüstan, Belarusiya, Cexiya, Bolqarıstan və s.) də geniş miqyasda tanıtmışdır. Bu ölkələrdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məqalə və tezislərlə çıxış edən Bayram müəllim əldə etdiyi elmi -innovativ nailiyyətlərin beynəlxalq səviyyədə təmsil edilməsində və muxtar respublika həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir.
Bayram müəllim kimya elminin sirlərini və öz zəngin təcrübəsini böyük həvəslə gənc nəslə öyrədir, onların elmi işçi kimi formalaşmasında aparıcı rol oynayır. Onun 7 namizədlik dissertasiyasına rəhbərlik etməsi bunun baris nümunəsidir. Bayram müəllim öz qayğıkeşliyi, səmimiyyəti və sadəliyi ilə çalışdığı kollektivin böyük hörmətini qazanmışdır.
Bayram müəllimin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə fərdi təqaüdə layiq görülməsi onun əməyinə və elmi fəaliyyətinə verilən qiymətin əyani sübutudur.
AMEA Naxçıvan Bölməsinin kollektivi Bayram müəllimi 80 illik yubiley münasibəti ilə ürəkdən təbrik edir, ona uzun və sağlam ömür və yeni-yeni yaradıçılıq uğurları arzulayır. 80 yaşınız mübarək, dəyərli Bayram müəllim!
Fizzə Məmmədova,
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent