10 Mart Milli Teatr Günüdür. Bu il Azərbaycan teatrı 148 yaşını qeyd edir. Bu, peşəkar teatrın tarixidir. Əlbəttə, xalqın milli oyun mədəniyyətinin yaşı isə bundan on dəfələrlə çoxdur. Yerin, göyün sirr olduğu o müqəddəs qədim zamanlarda adamlar odla, suyla, torpaqla, yellə danışırmışlar. Oyun mədəniyyətimizdəki "Sayaçı", "Novruz", "Kəvsəc", “Xıdır Nəbi”, “Qodu-qodu” kimi tamaşalar insanın təbiətlə unikal, mistik ünsiyyət formasıdır. Xalq arasında müxtəlif meydan tamaşaları, kukla teatr tamaşaları ("Maral oyunu", "Kilimarası"), bayram tamaşaları ("Kos-Kosa"), dini səciyyəli tamaşalar ("Şəbih") və s. geniş yayılmışdı. Hələ XVII əsrin ikinci yarısında Azərbaycanda olmuş fransız səyyahı Şarden, Çuxursəd bəylərbəyisinin İrəvan şəhərindəki iqamətgahında qonaq olarkən burada ona üç hissəli bir tamaşa göstərmişdilər. Bu tamaşa Şardenə o qədər xoş təsir bağışlamışdı ki, onu "Şərqin operası" adlandırmışdı.
Lakin biz bu gün tarixin hesablandığı 1873-cü ildən danışacağıq. Bakı “Realnı məktəbi”nin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyasının tamaşaya qoyulduğu tarixdən... Bu tarix o zamana təsadüf edir ki, Azərbaycanda neft bumu başlayırdı. Bakıdan neft hasil edən avropalılarla birgə Avropa mədəniyyətinin formaları da daxil olurdu. Bu, maarifçilərin teatrı idi. Azərbaycan teatrı Avropada və Rusiyada təhsil almış yerli ziyalıların, maarifçilərin sayəsində Avropa teatr modelini qəbul etdi və maarifçi missiyasında peşəkarlaşdı.
Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda ilk milli opera - Ü.Hacıbəyovun "Leyli və Məcnun" əsərinin tamaşası ilə Azərbaycan professional musiqili teatrının əsası qoyuldu. Musiqili teatrın yarandığı ilk illərdə onun repertuarını Ü.Hacıbəyovun 1908-1913-cü illərdə yaratdığı "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Zöhrab", "Şah Abbas və Xurşid Banu", "Əsli və Kərəm" operaları, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları təşkil edirdi. Sonrakı illərdə Azərbaycan musiqili teatrının repertuarı Z.Hacıbəyov ("Aşıq Qərib" operası, "Əlli yaşında cavan", "Evli ikən subay" musiqi komediyaları), M.Maqomayev ("Şah İsmayıl"), M.M.Kazımovski ("Vurhavur" musiqili komediyası), M.C.Əmirov ("Seyfəlmülk" operası) və başqalarının əsərləri ilə zənginləşdi.
Azərbaycan XKS-nın 1920-ci il 1 iyul tarixli qərarı ilə Birləşmiş Dövlət Teatrı yaradıldı. Burada Bakıda fəaliyyət göstərən bütün truppalar və həvəskar aktyorlar birləşdi. 1918-ci ildə yanmış keçmiş Tağıyev teatrının binası respublika hökumətinin qərarı ilə bərpa olundu. Bu illərdə teatrın qarşısında duran əsas problemlərdən biri tamaşaların ideya-bədii səviyyəsini yüksəltmək idi. Tərcümə pyesləri, eləcə də Azərbaycan dramaturqlarının əsərləri, özəllikcə C.Cabbarlının pyesləri teatrın repertuarını zənginləşdirdi. Bu illərdə "Ölülər" (C.Məmmədquluzadə), "Laçın yuvası" (S.S.Axundov), "Şeyx Sənan", "Knyaz" (H.Cavid), "Aydın", "Oqtay Eloğlu", "Sevil", "Od gəlini" (C.Cabbarlı), "Müfəttiş" (N.V.Qoqol), "Həyatın dibində" (M.Qorki), "Qaçqınlar" (F.Şiller), "Otello" (V.Şekspir), "Zaqmuk" (A.M.Qlebov), "Lyubov Yarovaya" (K.A.Trenyov), "Gülən adam" (V.Hüqo) və s. əsərlər tamaşaya qoyulmuşdu.
1970-ci illərdə Azərbaycanda, bütün sahələrdə olduğu kimi, teatr sahəsində də intibah yarandı. Teatra, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşan, onlara sözün əsil mənasında, hamilik edən ümummilli lider Heydər Əliyevin səyi və köməyi nəticəsində milli teatr sənətimiz vüsətli inkişaf yoluna düşdü.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik əldə etdi. Yeni yaranan və "Dövlət teatrı" statusu alan Pantomim teatrı, Bələdiyyə teatrı, Yuq teatrı, Gənclər teatrı, Miniatür teatrı, Kamera teatrı yaxşı mənada özlərini təsdiq etdilər. Sənətin janr, forma müxtəlifliyi, üslub zənginliyi yolu ilə inkişaf yoluna düşdülər. 1998-ci ildə Azərbaycan teatrının 125 illik yubileyi münasibətilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Sərəncam imzaladı. Sənət adamları fəxri adlara layiq görüldülər. Prezidenti İlham Əliyev Azərbaycan peşəkar milli teatrının yaradılmasının 140 illik yubileyi və 10 Mart - Milli Teatr Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar sənət adamları, teatr xadimləri tərəfindən yüksək rəğbət hissi ilə qarşılanmışdır.
Sevinc Azadi, “İki sahil”