23 iyun 2025 12:58
105

Şah Abbas Namə - Leyla Şah yazır

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq İlqar Fəhminin “Şahnamə” pyesi əsasında hazırlanan “Şah Abbas Namə” adlı tamaşa son dönəmlərdə doğma teatrımda izlədiyim ən möhtəşəm tamaşaydı. İlk öncə deyim ki, pyesdə dramaturji xətt çox mükəmməl işlənmişdi. Şah Abbasın hakimiyyət dönəmi 4 müxtəlif mərhələyə bölünüb. Uşaqlıq (yeniyetməlik), cavanlıq,orta yaş dövrü və qocalıq. Yeniyetməlik dövrünü- Mirsənan Kazımov, cavanlıq dövrünü -Niyaz İlyasoğlu, orta yaş dövrünü - Elnur Kərimov, qocalığı isə -Qurban İsmayılov canlandırırdı.

Pyesin dramaturji xətti də, məhz bu dönəmlər üzərində qurulmuşdu. Şah Abbasın hələ uşaqkən anasıyla birlikdə keçirdiyi qorxu, psixoloji sarsıntıları demək olar ki, bütün həyatı boyu onu izləyirdi. Bu amil isə yazıçı dramaturqun insan psixologiyası ilə bağlı apardığı ciddi araşdırmadan xəbər verir. Bütün psixoloqlar bunu təsdiq edir ki, uşağın mənəvi və psixoloji durumunun formalaşması adətən ana ilə bağlı olur.Dramaturqun daha bir üstünlüyü Şah Abbasın fonunda bütün şahların vəzifə hərisliyinin sadə dillə ifşasıdır. Tamaşada göstərilir ki, Şah Abbas üçün hər şey onun taxtda daha uzun müddət, daha təhlükəsiz oturmasından və gücünə güc qatmasından ibarətdir. O, məhz bu taxt-tac sevdasına görə öz oğlanlarının gözlərini çıxartdırır. Zəifliyinə və qorxularına şahid olan bütün dostlarını gözünü qırpmadan edam etdirir. Şah Abbas o qədər ucalır ki, özünü Allahla müqayisə edir. Şah öz dostu Zülfüqar xanı edam edərkən söyləyir: Şaha xəyanət etmək Allaha asi olmaq kimidir.Lakin bunun fonunda müəllif dönə-dönə vurğulayır ki, Şah Abbas parçalanmaqda olan bir məmləkəti bölgənin ən güclü dövlətinə çevirməyi bacardı. Təbii ki, Şah Abbas bunu öz qətiyyəti və cəsarəti nəticəsində edə bilmişdi. Birdə qürur məsələsini vurğulamasaq olmaz. Şahın qüruru onun əqidəsini elə möhkəmləndirir ki, özündə cəsarət tapıb yeniyetmə vaxtında taxta çıxır.Kiminsə kölgəsində yaşamır və kiminsə köləsinə çevrilmir. Dövlət idarəçiliyi ilə bağlı bütün qərarları Şah Abbas şəxsən özü alır. Bir növ həyatda öz yolunu özü müəyyən edir. Bu yolsa həm onun, həmdə başçısı olduğu dövlərtin gücünü gündən - günə artırır.Təsadüfi deyil ki, bugün də, qürurunu gücə çevirən insanlar haqqında el arasında belə deyirlər: "Özünü elə aparır ki, elə bir Şah Abbasın qızıdır(oğludur)".

Tamaşanın quruluşuna gəlincə isə Şah Abbasın səltənətinin "ŞAHMAT" oyunu üzərində qurulması siyasətin əslində bir oyun olduğunu və şahmatda qalib gəlmiş Şah Abbasın həyatının hansı məhrumiyyət, hansı əzab və hansı fitnələrdən ibarət olduğunu tamaşaçıya aydın surətdə göstərilir.
Rejissorun daha bir uğuru isə tamaşa boyu dinamikliyi qorumağa çalışması idi. Düzdür, əvvəldə tamaşanın tempi bir o qədər yüksək görünməsə də, səhnələrin ardıcıllığına uyğun olaraq tempin yüksəlməsini rejissorun məqsədinə çatmaq üçün doğru planlanmış fəaliyyət modeli kimi dəyərləndirmək olar. Sonda Şah Abbasın öz yerinə nəvələrindən varis seçmək istəyərkən onu ən çox sevən,ona şeirlər yazıb böyüklüyünü vəsf edən nəvəsini və yaxud da, qol gücü ilə digərlərinə qalib gələrək mükəmməl döyüşə bilən başqa bir nəvəsini deyil, ən hiyləgər nəvəni seçməsi Şah Abbasın səltənətini qorumaq üçün daha çox hansı xüsusiyyətə önəm verdiyini ortaya qoyur. Aktyor ifasının uğurlu alınması və dramaturji xəttin məhz aktyor oyunu ilə tamaşaçılara sadə dillə çatdırılması rejissorun uzunmüddətli və gərgin əməyinin göstəricisidir. Şah Abbası canlandıran dörd aktyorun təhlilinə gəlincə isə deyə bilərəm ki, səhnədə Mirsənan Kazımovun obraza uyğun olaraq qurulan həyacanını Niyaz İlyasoğlunun cəsarəti, Elnur Kərimovun qətiyyətli çıxışlarını isə Qurban İsmayılovun təmkini uğurla əvəz edirdi. Aktyor oyunu dramaturqun əsərdə ortaya qoyduğu fikir və ideyaları izləyiciyə çatdıra bilirsə, demək tamaşanın quruluşçu rejissoru öz işinin öhtəsindən layiqincə gəlib.

Pyesin müəllifi yazıçı dramaturq İlqar Fəhmi, tamaşanın quruluşçu rejissoru isə Nicat Kazımovdur. Tamaşanın uğurlu alınması məhz bu iki şəxsin uğurlu iş birliyinin bariz göstəricisidir. İlqar Fəhmi və Nicat Kazımovun iş birliyini daha öncə "Balaca Kişilər" tamaşasında izləsəm də, "Şah Abbas Namənin" öncəki tamaşadan xeyli üstün qurulması və səhnədə daha təsirli şəkildə ifadə olunması amilini qeyd etməyə bilmərəm.  Həmçinin "Şah Abbas Namə"yə gözəllik qatan, ruhumuzu dincəldən, tamaşada gərgin əməyi olan aktyor heyyətinə bu gözəl tamaşaya görə təşəkkürümü bildirir və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. 

Yaxşı işi alqışlamaq lazımdır ki, ardı gəlsin...

Leyla Şah