Noyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində əfsanəvi tenor Plasido Dominqonun konserti keçiriləcək.
“İki sahil” xəbər verir ki, Plasido Dominqonun Heydər Əliyev Mərkəzindəki repertuarı maraqlı anlarla, o cümlədən Azərbaycan mahnısının ifası ilə yadda qalacaq.
Plasido Dominqo ilk dəfə deyil ki, Azərbaycan bəstəkarlarına müraciət edir. Xatırladaq ki, dahi müğənni 2010-cu ildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Tofiq Quliyevin “Sənə də qalmaz” mahnısını ifa etmiş və bu ifasını Ulu Öndərə ithaf etdiyini demişdi.
Əfsanəvi tenorun Bakı konsertinə biletlər tezliklə iTicket.az kassalarında və saytında satışda olacaq.
66 illik musiqi fəaliyyəti dövründə Plasido Dominqo dünyanın ən tanınmış səhnələrində təxminən 150 əsas opera partiyasının ifaçısı olub. Dominqo həm də dirijor kimi tanınır. Repertuarında 100-dən çox tammetrajlı opera tamaşası, solo yazıları və duetlər var. Dəfələrlə məşhur Metropoliten-operanın mövsümünün açılışını edərək, digər tanınmış opera ifaçısı Karuzonun rekordunu üstələməyə nail olub.
İspaniyada doğulan Plasiqo Dominqo 7 yaşında ikən valideynləri ilə Meksikaya köçüb. 14 yaşında artıq Mexikodakı Milli Konservatoriyaya qəbul olunub və vokalla yanaşı, dirijorluq, eyni zamanda, fortepiano üzrə təhsil alıb. Müğənni kimi onun ilk çıxışı 16 yaşında valideynlərinin truppasında “Riqoletto” operasında olub. 27 yaşında ikən Metropoliten-operanın səhnəsində debütunü edib. Həmin vaxtdan 40 il ərzində bu məşhur səhnənin bir mövsümü belə Dominqonun iştirakı olmadan keçməyib.
1969-cu ildə 28 yaşlı tenor Avropa və Amerika səhnələrini fəth edir. Verona, Madrid, San-Fransisko, Bavariya, Paris, Zaltsburq, Nyu-York və digər məşhur səhnələrdə çıxış edən Plasido Dominqonun Monserrat Kabalye ilə dueti isə dünyanın ən populyar duetləri sırasında yer alır.
Plasidonun bir çox musiqi albomları milyonlarla tirajda satılır. O, “Grammy”, “Emmy” və digər mükafatların sahibidir. Onun adı ən uzunmüddətli alqış sahibi kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Belə ki, 1991-ci ildə “Otello” tamaşasından sonra Vyanada tamaşaçılar onu 80 dəqiqə ərzində alqışlayıblar.