09 may 2020 12:30
1681

SOCAR-ın prezidenti neftçi-veteranları təbrik edib

Əziz veteranlar!

Xalqımız İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 75-ci ildönümünü böyük qürur hissi ilə qeyd edir. 9 May - bəşəriyyət tarixində dərin sosial bəlalara və misli görünməmiş fəlakətlərə səbəb olmuş faşizmin məhv edildiyi gündür. Bu əlamətdar gündə böyük Qələbənin yaşatdığı hədsiz sevinc və fərəh hissi milyonlarla insan itkisinin ağrı-acısına qarışır, İkinci Dünya müharibəsində həlak olmuş, itkin düşmüş insanların xatirəsi yad edilir, xalqımızın mətin oğul və qızlarının ön və arxa cəbhələrdə göstərdiyi igidlik böyük qürur hissi ilə gənc nəslə nümunə göstərilir.

Tarixin gedişində dönüş yaratmış, dünyanın siyasi xəritəsi ilə birlikdə milyonlarla insanın taleyini dəyişmiş bu müharibə Azərbaycan xalqının da əzmini sınağa çəkmiş, minlərlə həmvətənimiz bəşəriyyətin xilası uğrunda amansız döyüşlərdə canlarından keçmiş, Avropanın neçə-neçə ölkəsinin işğaldan azad edilməsində müstəsna xidmətlər göstərmişdir. Hitler faşizmi üzərində qazanılan cahanşümul qələbədə Azərbaycan neftçilərinin də əvəzolunmaz payı vardır. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsini, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizini məhz Bakı nefti təşkil etmişdir. Qəhrəman neftçilərimiz cəbhəni yanacaqla fasiləsiz təmin etmək üçün gecə-gündüz işləyərək misilsiz fədakarlıq göstərmişlər.

Bu gün biz, birliyi və həmrəyliyi, zəhmətkeşliyi və fədakarlığı, vətənpərvərliyi ilə öz xalqına sülh və əmin-amanlıq gətirmiş o qəhrəman və mərd insanları böyük hörmət və minnətdarlıq hissi ilə anırıq. Dövlətimizin rəhbərliyi müharibə veteranlarına daim diqqət və qayğı ilə yanaşır, onlara maddi və mənəvi dəstək göstərilməsi üçün mühüm tədbirlər görür.

Əziz veteranlar!

Azərbaycan xalqı erməni təcavüzkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizədə həmişə sizin rəşadətinizdən nümunə götürür, Vətən sevgisini, qəhrəmanlığı sizlərdən öyrənir. İkinci Dünya müharibəsi illərində dönməz cəsarəti, misilsiz şücaət nümunələri ilə azadlıq uğrunda amansız mücadilə rəmzinə çevrilmiş hər bir döyüşçünün, gecəsini gündüzünə qataraq ön cəbhənin silah-sursat, yanacaq və ərzaqla təminatına dəyərli töhfələr vermiş hər bir əməkçinin göstərdiyi mətinlik və əzmkarlıq bu gün Vətənimizin ərazi bütövlüyü naminə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük həyat məktəbidir. İnanırıq ki, xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən torpaqlarının tezliklə rəşadətli Azərbaycan ordusu tərəfindən işğaldan azad edilməsinin şahidi olacaqdır. Bir daha hər birinizi faşizm üzərində tarixi Qələbənin 75-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hamınıza uzun ömür və möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti