SOCAR-ın daxili təqaüdünü qazanmış tələbələrə plastik kartlar təqdim olundu
SOCAR Tower-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan gənclərinin inkişafı məqsədi ilə həyata keçirdiyi 2018-2019-cu tədris ili üzrə Daxili Təqaüd Proqramı layihəsinin qaliblərinə plastik kartların verilməsi mərasimi keçirilmişdir.SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin və kadr, rejim və informasiya texnolgiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun iştirak etdikləri tədbirdə qeyd olunmuşdur ki, müsabiqəyə Bakı Ali Neft Məktəbi istisna olmaqla, Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavr pilləsi üzrə əyani təhsil alan 2-ci, 3-cü və 4-cü kurs tələbələri, habelə müvafiq ixtisaslar üzrə əyani və qiyabi təhsil alan magistrantları (ümumilikdə 2300 nəfərdən artıq gənc) müraciət etmiş, onlardan 94-ü uğur qazanmışdır. Ümumilikdə isə 2005-ci ildən etibarən SOCAR-ın Daxili Təqaüd Proqramına müraciət etmiş 25 mindən çox tələbə gənclərdən 2159 nəfər SOCAR-ın təqaüdçüsü olmuşdur. İndiyə qədər Daxili Təqaüd Proqramının 193 qalibi SOCAR-da müsabiqədənkənar işlə təmin olunmuşdur.
Xatırladaq ki, SOCAR istedadlı gənc neftçi mütəxəssislərin yetişdirilməsi, tələbələrin neft-qaz sənayesi sahəsində müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirilməsi məqsədilə 2004-2005-ci tədris ilindən etibarən tələbələr üçün Daxili Təqaüd Proqramını təsis etmişdir. Təqaüd proqramı ilk illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, hazırda ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələrə şamil edilir.