01 fevral 2020 10:45
2682

“Neftqaztikinti” Trestində Gənclər Günü qeyd olundu

31 yanvar 2020-ci il tarixində SOCAR-ın “Neftqaztikinti” Trestində 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə Trestin müdiri Qağaməli Seyfullayev, Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Cəbrayılov, Aparatın məsul əməkdaşları və gənclər iştirak etdilər.

Q.Seyfullayev çıxış edərək Gənclər Gününün tarixi haqqında iştirakçılara ətraflı məlumat verdi. Trestin müdiri ulu öndər Heydər Əliyevin gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşdığını qeyd etdi və 1997-ci ildə onun Sərəncamı ilə Azərbaycanda Gənclər Gününün təsis edildiyini xatırlatdı. Bildirdi ki,  Azərbaycanda müasir gənclər siyasəti hələ 1994-cü ildə başlamışdır: “Həmin il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi”.

Q.Seyfullayev ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasətinin bu gün yeni mərhələyə qədəm qoyduğunu və Prezident İlham Əliyevin qayğısı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-ci ildən bu günə qədər üç Dövlət Proqramının qəbul edildiyini, bölgələrdə 40-a yaxın Gənclər Mərkəzi yaradıldığını, 44 Olimpiya İdman Mərkəzinin fəaliyyət göstərdiyini bildirdi: “Prezident İlham Əliyev  gənclərimiz haqqında demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.

Azərbaycanda Gənclər Gününün qeyd olunmasının 23-cü ili münasibətilə Trestin idarəetmə aparatında və bölümlərində çalışan fəal gənclərdən bir qrupu Fəxri Fərmanla təltif edildi.

Tədbirdə çıxış edən gənc neftçilər Prezident İlham Əliyevin Azərbaycan gənclərinə göstərdiyi diqqət və qayğını hər zaman hiss etdiklərini xüsusilə qeyd edərək, ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.

Tədbirin sonunda Trestin müdiri və qonaqlar gənclərlə xatirə şəkli çəkdirdi.

Nüsrət Məmmədov, “İki sahil”