Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan zavodumuz öz fəaliyyətində ətraf mühitin mühafizəsi məsələlərinə böyük əhəmiyyət verir. Bununla bağlı ən vacib meyar zavodun fəaliyyət sahələrində təbii mühitin vəziyyətinə daim qayğı göstərmək, dayanıqlı inkişafı təmin etmək və onun fəaliyyəti nəticəsində ekoloji amillərin təsirini minimuma endirməkdir. Müəssisədə işlərin ekoloji təhlükəsizlik şəraitində aparılması prinsip etibarilə texnoloji problemlərin düzgün həllindən və istehsalat intizamından asılıdır. Zavodumuz ekoloji vəziyyətin pisləşməsinin qarşısını almaq, onun mühafizəsini gücləndirmək üçün öz fəaliyyətini qəbul olunmuş normativ və qanunvericilik çərçivəsində qurmuşdur. İstehsalat fəaliyyəti ilə bağlı ətraf mühitə dəyən mənfi təsiri azaltmaq üçün SOCAR-ın və zavod rəhbərliyinin tövsiyələrini nəzərə alaraq mütəxəssislər tərəfindən zavodda sistematik olaraq qabaqlayıcı səmərəli tədbirlər həyata keçirilir.
Müəssisənin siyasətinə uyğun olaraq tullantıların ətraf mühitə təsirinin azalması təkrar emalı müəyyən edir. İstehsal sahələrində olan bütün növ tullantılarla əlaqədar yarana bilən risklər təyin edilərək nəzarətdə saxlanılır. Müəssisəmizdə əmələ gələn tullantılarla bağlı bir sıra işlər görülmüşdür. Belə ki, texniki suyun kimyəvi təmizlənməsi əks- osmos əsasında işləyən qurğu vasitəsilə həyata keçirilir.
Qurğunun uzun müddət istismarı zamanı daxilində olan membranlar (filtrlər) istismar müddətini bitirdiyindən istifadəyə yararsız hala düşür. Həmin membranlar yenisi ilə əvəz olunur. İstifadəyə yararsız 7340 kq membranlar toplanılaraq SOCAR-ın “Tullantıların İdarəedilməsi Mərkəzi”nə təhvil verilmişdir.
Ölkədə ekoloji mühitin yaxşılaşdırılmasına öz töhfəsini verən zavodun kollektivi bundan sonra da ətraf mühitin qorunması işində səylərini əsirgəməyəcək.
Əjdər Mustafayev,
ƏTKND-nin Ekologiya şöbəsinin rəisi