SOCAR “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda aparılan modernizasiya işləri son və əsas mərhələyə qədəm qoyub.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın neft-qaz emalı zəncirinin önəmli həlqəsi olan “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda 2016-cı ildən genişmiqyaslı yenidənqurma və modernizasiya işləri həyata keçirilir. Layihə nəticəsində “Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmi iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artacaq. Bu ilin üçüncü rübündə layihənin tamamlanması ilə “Azərikimya” İB-nin Etilen-polietilen zavodu yenilənmiş, müasir formatda fəaliyyətini davam etdirəcək.
Bundan başqa, layihənin nəticəsi olaraq Sumqayıt Kimya Sənaye Parkında inşa olunmuş yeni “SOCAR Polimer” MMC müəssisələri dayanıqlı olaraq daha çox miqdarda etilen, propilen, saf hidrogen və digər enerjidaşıyıcılarla təmin ediləcək, Heydər Əliyev adına NEZ-dən təchiz olunan qaz xammallarının iqtisadi baxımından daha effektiv emalı yaradılacaq, mövcud EP-300 qurğusunun istismar dövrünün minimum növbəti 20 ilə kimi uzadılması reallaşacaq və qurğuların istehsal prosesinin etibarlılığı və səmərəliliyi artırılacaq.
Qeyd edək ki, modernizasiya çərçivəsində Technip FMC şirkətinin İtaliya və Benilyuks ofisləri tərəfindən bir neçə yeni qurğu inşa olunur, yeni piroliz sobaları quraşdırılır, bir çox köhnə və aşınmış qurğu və avadanlıq tam olaraq yenilənir. Zavodda texnoloji prosesin avtomatik idarəetmə sisteminə keçilməsi işləri görülür. Artıq bu ilin birinci rübündən etibarən sınaq-sazlama testlərinə (funksional, hidro və pnevmatik testlər) başlanılması nəzərdə tutulur.
Bununla yanaşı, bu qurğuların idarə olunması üçün kadrlara da ehtiyac yaranır. Bütün bunlar nəzərə alınaraq SOCAR “Azərikimya” İB ilə bu sahədə qabaqcıl təcrübəyə malik SOCAR-ın Türkiyədəki analoji müəssisəsi Petkim Petrokimya Holding A.Ş. arasında qarşılıqlı faydalı əməkdaşlıq haqqında razılaşma imzalanıb. Bu razılaşmada məqsəd tərəflərin əməkdaşlarının müasir bilik və təcrübəsindən birgə istifadə etmək və bu təcrübənin öyrənilməsinə şərait yaratmaqdır. Artıq Petkim Petrokimya Holding A.Ş.-nin bir qrup əməkdaşı ötən ilin üçüncü rübündən etibarən “Azərikimya” İB-də bu istiqamətdə fəaliyyətə başlayıb və onların təcrübəsindən istər sınaq-sazlama testlərində, istərsə də təhvil-təslim mərhələsində istifadə olunacaq.
“Azərikimya” İB tərəfindən isə mərhələli şəkildə bir qrup gənc mühəndis yeni qurğuların texnoloji proseslərini və idarəetmə mexanizmlərini mənimsəmək məqsədilə istehsalçı şirkətlərin təqdim etdiyi təlimlərlə yanaşı, 2020-ci ilin birinci rübündə intensiv praktiki təlimlərdə iştirak etmək üçün Petkim Petrokimya Holding A.Ş-yə ezam olunacaqlar.