08 yanvar 2020 14:09
1292

Masazır qəsəbəsində zədələnən qaz xətti bərpa edilib

Abşeron rayonunun Masazır qəsəbəsində zədələnən qaz xətti bərpa edilib. Bu barədə "İki sahil"ə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov məlumat verib.

Onun sözlərinə görə, zədələnən qaz kəməri ərazidə tikinti işləri apararkən xətti zədələyən Mənzil Tikinti Kooperativi tərəfindən bərpa edilib: "Artıq bərpa işləri başa çatdırılıb, xətt sınaqdan keçirilib və abonentlərə qazın verilişi təmin edilib".

Qaz təchizatının yaxın saatlarda bərpa olunacağı gözlənilir.

Hadisə nəticəsində Abşeron rayonunun Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Baş-Güzdək, Aşağı-Güzdək və Çiçək qəsəbələrinin qaz təminatında fasilələr yaranıb.

Qeyd edək ki, yanvarın 7-də Masazır qəsəbəsi ərazisində, “Əlincə” otelinin yanında qazıntı işləri aparılan zaman Mənzil Tikinti Kooperativlərindən (MTK) birinin əməkdaşı diametri 200 mm olan yeraltı polietilen qaz xəttini zədələyib. Nəticədə 3 minə yaxın abonentin qaz təchizatında fasilə yaranıb. Təmir işləri başa çatandan sonra təkrar qaz sızması aşkarlanıb.

Qaz xəttinin təhlükəsiz formada istismara qaytarılması üçün yenidən müvafiq işlərin icrasına başlanılıb. Səhər saatlarından “Azəriqaz” İB-nin əməkdaşları hadisə yerinə cəlb olunub.