08 yanvar 2020 12:07
1208

Ötən il Azərbaycan neftinin orta qiyməti 67 dollara yaxın olub

Ötən il "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 66,79 ABŞ dolları təşkil edib.

Bunu "İki sahil"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib: "İnişil neftin ümumi qiyməti daha yüksək olub."

Onun sözlərinə görə, 2018-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta qiyməti 73,3 dollar təşkil edib. Beləliklə, 2018-ci illə müqayisədə ötən il "Azeri Light" markalı neftin orta qiyməti 6,51 dollar və ya 9%-ə yaxın aşağı olub.

İ.Əhmədov onu da bildirib ki, 2019-cu il ərzində "Azeri Light" qiymətinin pik həddi aprel ayında 77,23 səviyyəsində qeydə alınıb, il ərzində ən aşağı qiymət həddi isə düz bir il əvvəl, yanvar ayında 56,34 olub: "Hazırda Azeri Light neftinin qiyməti $70 üzərindədir. Neft qiymətləri dünya bazarlarının tələb/təklif dinamikasından və alıcıların gözləntilərindən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə Azer Light neftinin qiyməti də dəyişir. Azeri Light nefti yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə adətən Brent neft növünə nisbətən premiya ilə satılır və hazırda Brent-dən təxminən $2,25 bahadır.Bunu da qeyd edim ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin öz imkanları ilə hasil etdiyi neftin böyük hissəsi Azərbaycanda emal olunur və daha sonra daxili bazara yönləndirilir. İxrac olunan neft isə əsasən Azəri-Çıraq-Günəşli konsorsiumu tərəfindən hasil olunur və həmin neftdən əldə edilən mənfəətin dövlətə aid olan payı Dövlət Neft Fondunda (SOFAZ) cəmləşir və idarə olunur. Dövlət Neft Fondu isə neft gəlirlərinin müəyyən hissəsini gələcək üçün cəm edir, sərmayələr qoyur və həmçinin mühüm hissəsini hər il dövlət büdcəsinə köçürür. 

SOCAR-a gəldikdə isə, şirkət Azərbaycan neftinin dünya bazarlarında müstəqil və qiymətli brend kimi reallaşmasında iştirak edir, üstəlik başqa ölkələrdən xam neft və neft məhsullarının alqı-satqısı ilə Azərbaycan neftindən əlavə qlobal ticarət dövriyyəsini - əlavə gəlir formalaşdırır."