28 dekabr 2019 19:38
2412

SOCAR prezidenti Rövnəq Abdullayev neftçiləri təbrik edib

SOCAR prezidenti Rövnəq Abdullayevin Yeni il və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə neftçilərə təbriki

Əziz neftçilər!

Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzularımı çatdırıram.

2019-cu il əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi altında inamla davam etdirilən, Vətənimizə ilbəil yeni qələbələr gətirən tərəqqi və inkişaf kursu çərçivəsində həyata keçirilən mühüm layihələrlə, əlamətdar və qürurverici hadisələrlə zəngin oldu. Azərbaycanın daha yüksək zirvələrə ucalması, xalqımızın rifah halının durmadan yaxşılaşdırılması naminə qəbul edilən taleyüklü qərarlar, həyata keçirilən genişmiqyaslı islahatlar cəmiyyətimizin bütün təbəqələri tərəfindən yekdilliklə dəstəkləndi, müdrik dövlət siyasətinə ölkə vətəndaşlarının bəslədiyi dərin inam və etimadı daha da möhkəmləndirdi. Respublikamızın siyasi, iqtisadi, mədəni həyatında əldə olunan parlaq nailiyyətlər Azərbaycanın milli dövlətçilik və davamlı inkişaf konsepsiyasının yeganə düzgün və alternativsiz yol olduğunu bir daha bütün dünyaya sübut etdi. Bu gün sonsuz fərəh və qürur hissi ilə qeyd edə bilərik ki, xalqımız 2020-ci ili və 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük ruh yüksəkliyi ilə, möhkəm ictimai-siyasi sabitlik və yüksək sosial-iqtisadi inkişaf şəraitində qarşılayır.

Əziz neftçilər!

2019-cu il tarixə Azərbaycanın yaxından iştirakı ilə həyata keçirilən bir sıra qlobal enerji və infrastruktur layihələrinin uğurları ilə yazıldı. Azərbaycanda hasil olunan təbii qaz həcmlərini Avropaya nəql edəcək, qlobal enerji təhlükəsizliyində əvəzsiz rol oynayacaq Cənub Qaz Dəhlizinin inkişafında mühüm addımlar atıldı. Bu layihənin əsas tərkib hissələrindən olan TANAP xəttinin tikilib istismara verilməsi və kəmərin Avropa enerji şəbəkəsinə bağlanması təntənə ilə qeyd olundu. Bu il, həmçinin müstəqil Azərbaycanımızın inkişafında xüsusi rol oynayan “Əsrin Müqaviləsi”nin 25-ci ildönümünü və polad dirəklər üzərində ucaldılmış əfsanəvi neftçilər şəhərinin – Neft Daşlarının 70-ci ildönümünü böyük qürur və iftixarla bayram etdik.

Ölkəmizin iqtisadi qüdrətinin rəhni olan enerji layihələrinin davamlı inkişafı və qazanılan nailiyyətlər Azərbaycan neftçilərini daha böyük qələbələrə ruhlandırır. Neftçi əməyi xalqımızın rifahına və daha firavan gələcəyinə xidmət edir. Neftçi əməyi fədakarlıq, əzmkarlıq tələb edir. SOCAR ailəsinin bütün üzvləri Azərbaycanın daha işıqlı gələcəyi naminə qarşıda duran vəzifələrin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi yolunda var qüvvələrini səfərbər edir, yeni-yeni layihələrin layiqincə yerinə yetirilməsi üçün səylərini artıraraq, yorulmaq bilmədən çalışırlar. Dövlətimiz və onun müdrik lideri Zati-aliləri cənab İlham Əliyev neft-qaz sənayesinin inkişafını daim diqqət mərkəzində saxlayır, neftçilərə böyük etimad bəsləyir, onların əməyini yüksək qiymətləndirir. Əminəm ki, regional və qlobal əhəmiyyətli enerji layihələrinin ardıcıl uğurlarından ruhlanaraq, daha böyük qələbələrə doğru inamla addımlayan netçilərimiz şanlı ənənələrinə dönməz sədaqətlə, indiyə qədər olduğu kimi, bundan sonra da onlara göstərilən yüksək etimadı böyük əmək nailiyyətləri ilə doğruldacaqlar.

Əziz neftçilər! 

Sizi bir daha 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni 2020-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu ilin sizə və ailələrinizə daha böyük sevinc və uğurlar gətirməsini arzulayıram.

Hörmətlə,

Rövnəq Abdullayev,
SOCAR-ın prezidenti