SOCAR və Qazaxıstanın “KazMunayQaz” Milli Şirkətinin tərəfdaşlıq əlaqələrinə dair müzakirələr aparılıb
SOCAR-dan bildirilib ki, “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdə olub. Qazaxıstan şirkətinin nümayəndə heyəti SOCAR-ın “Caspian Drilling Company” (CDC) MMC-nin dəniz təchizat və logistika bazasında CDC şirkətinin rəhbərliyi ilə görüşüb. Hazırda SOCAR-ın CDC şirkəti öz bazasında “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” özüqalxan üzən qazma qurğusunun modernləşdirilməsini həyata keçirir. “KazMunayQaz” rəhbərliyi qurğunun modernləşdirilməsi prosesi ilə tanış olub, məmnunluğunu ifadə edib.
Növbəti gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev “SOCAR Tower”də “KazMunayQaz” Səhmdar Cəmiyyətinin sədri A.Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki şirkət arasında tərəfdaşlıq əlaqələrinin inkişafı, habelə neft-qaz sənayesinin müxtəlif sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Xatırladaq ki, “KazMunayQaz” şirkətinə məxsus olan “Sətti” qurğusu SOCAR-ın CDC şirkəti tərəfindən modernləşdirildikdən sonra, ilk növbədə Abşeron yarımadasının SOCAR və BP tərəfindən birgə istismar olunan dayazsulu hissəsində, “Ümid”-“Babək” blokunda aparılan işlərə, eləcə də Xəzər dənizi akvatoriyasında digər əməliyyatlara cəlb edilə bilər. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.