18 dekabr 2019 14:00
1438

Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işi yekunlaşıb

Qubada 600-dən çox abonenti olan yaşayış massivinə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Dəvədabanı yaşayış massivinin qazlaşdırılması işi yekunlaşıb və abonentlərə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ümumilikdə, 605 abonenti olan yaşayış məntəqələrinin qazlaşdırılması üçün 33 min 515 metr metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib. Hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Dekabrın 18-də yaşayış məntəqəsinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə “Azəriqaz” İB-nin, rayon icra hakimiyyətinin nümayəndələri, ziyalılar, eləcə də kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması, həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində ölkəmizin qaz təchizatı şəbəkəsi genişləndirilir və müasirləşdirilir.

Mərasimdə çıxış edən sakinlər əhalinin sosial qayğılarının həllinə göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə “mavi yanacaq” verilib.

“Azəriqaz” İB-nin nümayəndələri evlərdə olub, abonentləri təbii qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndiriblər.

Bu il Qubanın 11 kənd və bir yaşayış massivinə ilk dəfə təbii qaz verilib.