“SOCAR Petroleum” QSC və “Call Center” MMC (189 taksi xidməti) əməkdaşlığa başlayır. Ötən gün CNG qaz avadanlıqlarının quraşdırıldığı 189 taksilərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə “SOCAR Petroleum” QSC-nin baş direktorunun innovasiyalar üzrə müavini Elnur Mustafayev bildirib ki, bu layihə taksilərin xərcini xeyli azaldacaq: “Büdcə avtomobilləri CNG yanacağı ilə işlədikdə 4 il ərzində maşının pulunu çıxarmaq mümkün olacaq. Həmçinin CNG yanacağından istifadə ekoloji baxımından havaya atılan istinaxa qazlarının ildə 4 ton azalmasına səbəb olacaq. Bu gün 189 taksi xidmətinin 5 belə maşını mövcuddur. Bu da bölgələrdə ümumilikdə havaya atılan istixana qazlarının 20 ton azalmasına səbəb olacaq.”
Onun sözlərinə görə, ölkədəki avtomobillərin 10%-i CNG yanacağına keçsə, havaya atılan karbon qazlarının həcmini ildə 560 min ton azaltmaq mümkün olar: “Bu isə ümumi karbon qazlarının 2%-i deməkdir. Biz ekologiyaya dostcasına yanaşmaqla ona dəstək olmağa çalışırıq.”
E.Mustafayev, həmçinin deyib ki, CNG yanacağının sızması nəticəsində ətraf mühit çirklənmir: “Azərbaycanda elə bir stereotip yaranıb ki, qazla işləyən və yaxud CNG yanacaqla işləyən avtomobillər daha təhlükəlidir. Amma burada heç bir təhlükə yoxdur. Bu gün dünyada 30 milyon ədəd CNG ilə işləyən avtomobil var. 2030-cu illərdə bu rəqəm 100 milyon ədədə çatdırılacaq. Bu da onu göstərir ki, CNG yanacağından istifadə heç də təhlükəli deyil və əksinə, tam təhlükəsizdir. Biz bütün avtomobil sahiblərini CNG yanacağından istifadə etməyə dəvət edirik.”
Şirkət rəsmisi əlavə edib ki, bu gün CNG-nin bir kubmetrinin qiyməti 45 qəpik təşkil edir və hər 100 kilometr üçün 4,5 manat qənaət etməyə imkan verir. Bunun üçün də ilkin olaraq özəl taksi xidməti ilə əməkdaşlığa başlamışıq.”
Elnur Mustafayev bildirib ki, "Bu gün “SOCAR Petroleum” QSC Azərbaycanda yeganə CNG şəbəkəsinə malik şirkətdir. Hazırda QSC-nin 5 CNG yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Bu həftə ərzində daha 4 məntəqənin açılması nəzərdə tutulur. Bu məntəqələr Bakıda və Abşeron yarımadasında olacaq." E.Mustafayev əlavə edib ki, hazırda “SOCAR Petroleum”un əsas prioriteti şirkətin bütün mövcud YDM-lərində CNG məntəqəsinin qurulmasıdır. Baş direktorun müavini məlumat verib ki, gələn il üçün bölgələrdə də CNG məntəqələrinin açılması nəzərdə tutulur: "Ölkədə 10-dan artıq CNG avadanlıqları quraşdıran şirkət var. Bu da onu göstərir ki, ölkədə bu sahədə heç bir inhisar mövcud deyil.”
“Call Center” MMC-nin rəhbəri Ağacan Abbasov əməkdaşlıq çərçivəsində növbəti aylarda “eco-taksi”lərin sayının artırılacağını diqqətə çatdırıb.
Sonra “eco-taksi”lərin təqdimatı oldu.
Jurnalistlərin suallarını cavablandıran “SOCAR Petroleum” QSC-nin baş direktorunun müavini Elnur Mustafayev bildirib ki, gələn il ərzində “SOCAR Petroleum" QSC CNG yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır. Onun sözlərinə görə, bu tip yanacaqdoldurma məntəqələrinin ümumi sayının 25-30-a çatdırılması proqnozlaşdırılır: “Bu gün artıq 9 CNG yanacaqdoldurma məntəqəsi mövcuddur. Gələn il yanacaqdoldurma məntəqələrinin quraşdırılma planına uyğun olaraq, təqribən 21-25 yanacaqdoldurma məntəqəsinin quraşdırılması planlaşdırılır. Hazırda bizim mövqeyimiz CNG yanacaqdoldurma məntəqələrini mövcud məntəqələrdə quraşdırmaq və istismar etməkdən ibarətdir.”
Orxan Vahidoğlu,
Samir Paşayev (foto), "İki sahil"