29 oktyabr 2019 14:50
1234

Suraxanı rayonunda təbii qaz kəməri yenilənib

“Azəriqaz” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsi Suraxanı rayonu ərazisində 5000 metr uzunluğunda qaz kəmərinin yenilənməsini başa çatdırıb.

Birlikdən bildirilib ki, bu zaman uzun illər istismarda olduğundan korroziyaya uğrayaraq yararsız hala düşmüş yeraltı 530 millimetr diametrində polad boru diametri 400 millimetr olan polietilen borularla əvəz olunub. Bununla da Suraxanı, Dədə Qorqud və Bahar qəsəbələrində yaşayan 7 min abonentin qaz təchizatındakı bu günə qədər yaşanan problemlərə son qoyulub və normal təzyiqdə qazla təminatı həyata keçirməyə lazımi imkanlar yaradılıb.

Tikinti işlərinə bu ilin avqustunda başlanılıb və oktyabrın 28-də tamamlanıb. Gecə saatlarında artıq yeni kəmər işə salınıb. Qaz kəməri bir yerdə Bakı-Aeroport avtomagistralı və 3 yerdə Suraxanı rayonu küçə avtomobil yollarını kəsməklə yeraltı çəkilib.

Qeyd edək ki, 2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq bu ilin 9 ayında respublika ərazisində 487 kilometrdən çox qaz kəmərləri əsaslı təmir edilib, yaşayış ərazilərinin qazlaşdırılması ilə bağlı 1376 kilometrdən artıq müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib.