SOCAR: Heydər Əliyev adına NEZ-in yenidən qurulması ölkədə yeni analoji zavodun tikintisindən ucuz başa gələcək
Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidənqurma və modernizasiyası Azərbaycanda yeni neft emalı zavodunun tikintisindən iki dəfə ucuz başa gələcək.
Bunu jurnalistlər üçün NEZ-ə təşkil edilmiş press-tur çərçivəsində SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ-in yenidənqurma və modernizasiya layihəsi gözləniləndən bir qədər baha başa gəlsə də, bu proses ölkədə yeni neft emalı müəssisənin tikintisindən ən azı iki dəfə ucuz başa gələcək.
Qeyd edək ki, Heydər Əliyev adına NEZ-in modernizasiyasına bir neçə milyard dollar sərf ediləcək.
Hazırda sözügedən NEZ-də yenidənqurma və modernizasiya layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir. Layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda Avro-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur.
Bundan başqa, İ. Əhmədov qeyd edib ki, zavodun modernizasiyası çərçivəsində müəssisədə yüksək oktanlı benzin növlərinin lərin (Aİ-95, Aİ-98 markalı) istehsalı nəzərdə tutulur: "Bu proses bazarın istehlakına uyğun olaraq həyata keçiriləcək", - deyə SOCAR-ın rəsmisi əlavə edib.
Xatırladaq ki, 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 mln. tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılmışdır.